"Roma" və "Mərakeş" milli komandasının yarımmüdafiəçisi Nil El Aynaoui soyğuna məruz qalıb.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilir ki, hadisə 16-17 mart gecəsi baş verib. Təxminən saat 3:00 radələrində tapançalarla silahlanmış 6 maskalı hücumçu El Aynaouinin Romadakı evinə soxulub. Onlar içəri girmək üçün qonaq otağının pəncərəsindən barmaqlıqları çıxarıblar.
Oğrular futbolçu ilə sevgilisini, anasını, qardaşını və onun sevgilisini otaqlardan birinə kilidləyiblər, sonra isə 10.000 avro, zərgərlik əşyaları, "Rolex" markalı saatı və bir neçə dizayner çantasını oğurlayıblar. Hazırda İtaliya hüquq-mühafizə orqanları soyğunçuları axtarır.
Qeyd edək ki, El Aynaoui ötən yay "Lans"dan "Roma"ya keçib. Bu mövsüm o, bütün yarışlarda 26 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.












