“Sumqayıt”ın avrokuboklara vəsiqə qazanmaq üçün riyazi şansı da bitdi, “Araz-Naxçıvan” isə “Neftçi” və ya “Zirə”nin bir qələbəsi ilə hər şeydən əlini üzəcək. Bu komandalar üçün mövsüm büdcələrinə uyğun olmayan uğursuzluqla erkən yekunlaşdı.
Əslində, bu komandalar çoxdan taleyi ilə barışmışdı. Saşa İliç hələ sona 10 tur qalmış, hətta çempionluq üçün də nəzəri şans qalarkən, ağ bayraq qaldırdı. Onun klubun yetirmələrinə şans vermək, strategiyanın dəyişilməsi bəhanəsi mümkün uğursuzluğa don geyindirmək cəhdi idi. Bizi, azarkeşləri aldada bilmədilər, onun yenə əsasən legioner yığının üstünlük verdiyini hamımız görürük, ümid edək ki, klubun sponsorları da serb çalışdırıcının klub prezidenti Riad Rəfiyevlə ortaq yalanının fərqindədir.
Naxçıvanlıların bu aqibətlə üzləşəcəyini hələ Elmar Baxşıyev istefa verərkən yazmışdıq. Komanda 4-cü pillədə olarkən, hər şey uğurla gedərkən məşqçi dəyişikliyinə əl atılması indiki aqibəti şərtləndirmişdi. Baş məşqçi sırf əcnəbi olsun deyə Andrey Demçenkonu bu posta gətirən Ceyhun Sultanov indi hesabat versin. Rəsmi post tutmasa da, rəhbərliyin bütün idarəçiliyi etibar etdiyi bu menecer üzərinə götürdüyü məsuliyyətin altında qaldı. Demçenko hazırda taleyinin necə olacağını bilmir, klub rəhbərliyi əlavə maliyyə mənbəyi axtarır, hətta milyonların havaya sovrulduğu “Araz-Naxçıvan”ın varlığı sual altındadır.
“İmişli”nin naxçıvanlılar üzərində qələbəsi birbaşa Demçenkonun bacarıqsızlığının isbatı idi. Jorj Kaşkilyanın tətbiq etdiyi oyun modeli bəllidir, portuqaliyalının bir üslubu var. Bölgə təmsilçisi qələbə gətirəcək qolu vurur və əla müdafiə quraraq rəqibinə şans vermir. Ukraynalı çalışdırıcı 82 dəqiqə ərzində buna çarə tapa bilmədisə, mövsüm bitməmiş istefa verməsi məsləhətdir. Sultanov isə etdiyi seçimə görə hamıdan üzr istəyərək özünə bacardığı sənəti tapmalıdır.
Demçenkonu cibinə qoyan Kaşkilyanın işi göz qabağındadır. “İmişli”nin baş məşqçisi Premyer Liqada qalmağı təmin edib və büdcəinə, heyətinə uyğun üslubu diqtə edir. Onun yetirmələri 30 oyunun 12-də qapısında qol görməyib və bu, çox ciddi göstəricidir.
“Sumqayıt”ın əcnəbi məşqçiləri isə Kaşkilya kimi ortaya iş qoymaqdansa, bəhanələrə sığınır. Köməkçi məşqçinin matçdan sonrakı mətbuat konfransında hakimlik haqqında dedikləri cəfəngiyyatdır. Hər iki penalti qərarı doğru idi, yalandan şou yaratmaqdansa, 3 dəqiqə ərzində qalibdən məğluba çevrilməyin səbəbi araşdırılmalıdır. Xüsusilə ikinci qoldan əvvəl rəqibə edilən hədiyyə…
“Kəpəz”ə gəlincə, gəncəlilər uğursuz seriyaya son qoysa da, komandanın oyunu böyük ümidlər vermir. Qərb təmsilçisi dünənki qələbə sayəsində son pilləyə yuvarlanmaq təhlükəsindən qurtuldu. Lakin pley-offda oynamaqdan yayınmaq mümkün olmasa, hər şey baş verə bilər. Azər Bağırovun yetirmələri hazırda I Liqanın liderlərindən heç də üstün oynamır.
(futbolinfo.az)












