Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" və "Səbail"in cavab oyununu idarə edəcək UEFA hər iki qarşılaşmaya təcrübəsiz referi təyin edib. "Neftçi"nin Moldova təmsilçisi "Sperantsa" ilə ev oyununda ədaləti qoruyacaq avstriyalı Yulian Veinberger cəmi 2 ilin FİFA referisidi.

Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" və "Səbail"in cavab oyununu idarə edəcək hakimlər müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA hər iki qarşılaşmaya təcrübəsiz referi təyin edib.

"Neftçi"nin Moldova təmsilçisi "Sperantsa" ilə ev oyununda ədaləti qoruyacaq avstriyalı Yulian Veinberger cəmi 2 ilin FİFA referisidi. ötən ilin yanvarında bu ada layiq görülən 34 yaşlı hakim elə 2018-ci ildə 9 qarşılaşmada fit çalıb. UEFA ona əsasən aşağı yaş qrupu yığmalarının seçmə mərhələ və əsas millilərin yoldaşlıq görüşlərini həvalə edib. Veinberger avrokuboklarda hələlik yeganə oyununu keçən yay çempionlar Liqasının I təsnifat mərhələsində idarə edib. "Neftçi" - "Sperantsa" matçı avstriyalının 2019-cu ildə ilk təyinatıdı.

"Səbail"in "Universitatya Krayova" ilə səfər görüşünün hakimi Helgi Mikael Yonasson isə daha təcrübəsizdi. Cəmi 26 yaşı olan islandiyalı beynəlxalq arenada cəmi 2 görüşə təyinat alıb. Bu da U-17 yığmalarının seçmə mərhələ matçları olub. Krayovadakı qarşılaşma Yonassonun baş hakim kimi avrokuboklarda debütü olacaq. O, bir həftə əvvəl Avropa Liqasının I təsnifat mərhələsindəki "çukariçki" - "Banants" görüşünün 4-cü hakimi olub. Ermənilərin Serbiyada 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın baş hakimi olan İvar Orri Kristyansson isə "Səbail"in oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, hər iki təmsilçimiz cavab matçına iyulun 18-də çıxacaq. "Neftçi" ilk görüşdə səfərdə qələbə qazanıbsa (3:0), "Səbail" evdə məğlub olub (2:3).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest