İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç Kriştiano Ronaldonun Portuqaliya yığmasındakı rolu ilə bağlı narazılığını tənqid edib. Öz karyerasından nümunə çəkən isveçli sabiq forvard Joze Mourinyonun onu formasının pik vaxtında belə, ehtiyat oyunçular skamyasında saxladığını xatırladıb.
Matc.az xəbər verir ki, bu barədə "Topskills Sports UK" idman nəşri məlumat yayıb.
Bildirilir ki, İbrahimoviç Ronaldonun yaşını da nəzərə almalı olduğunu və baş məşqçinin oyun vaxtı ilə bağlı qərarlarını qəbul etməli olduğunu düşünür.
"O, uşaq kimi oyun dəqiqələri üçün mübahisə etməməlidir. Şir nə vaxt nərildəyəcəyini və nə vaxt sürünün ov etməsinə icazə verəcəyini yaxşı bilir", - deyə Zlatan vurğulayıb.
Xatırladaq ki, Millətlər Liqasının 2-ci turunda Norveçə qarşı keçirilən matçda (2:1) ulduz futbolçu komandanın iştirak ərizəsində yer alsa da, son 18 ildə ilk dəfə yığmanın heyətində meydana çıxmayıb.
Bu hadisədən sonra 41 yaşlı kapitan millinin düşərgəsini vaxtından əvvəl tərk edib. Portuqaliya mətbuatı onun bu qərarına baş məşqçi Jorje Jejuş ilə yaşadığı münaqişənin səbəb olduğunu yazıb.
Yerli KİV-lər həmçinin 41 yaşlı hücumçunun milli karyerasını başa vurmaq qərarına gəldiyini xəbər verib. Ronaldonun özü isə gələcəkdə bu hadisə ilə bağlı bütün həqiqətləri danışacağına söz verib.
Portuqaliya millisi artıq Millətlər Liqasında ulduz hücumçunun iştirakı olmadan ikinci oyununa çıxıb. Turnirin 3-cü turunda Jorje Jejuşun yetirmələri Danimarkanı 4:2 hesabı ilə məğlub ediblər.













