İngiltərə Futbol Assosiasiyası (FA) "Mançester Siti" klubunun maliyyə qaydalarını pozması işi üzrə çıxarılan ittiham hökmü ilə bağlı bəyanat yayıb.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.
FA məsələyə bu cür münasibət bildirib: "Müstəqil Komissiyanın qərarı oyunun dürüstlüyü üçün ciddi nəticələrə malikdir. Biz bu qərarı və onun fəsadlarını diqqətlə nəzərdən keçiririk. Müvafiq tədbirlər görəcəyik. İngiltərə Premyer Liqası ilə "Mançester Siti" futbol klubu arasındakı proses davam etdiyi üçün hazırkı mərhələdə əlavə şərh vermək niyyətində deyilik. Bununla belə, hadisələrin gedişatını yaxından təqib etməyə davam edəcəyik".
Daha əvvəl İngiltərə Premyer Liqası "Mançester Siti"ni liqanın maliyyə normalarını pozmaqda və istintaqla əməkdaşlıqdan imtina etməkdə təqsirli bilib. Klub ittihamlarla razılaşmadığını ifadə edərək müvafiq instansiyalarda öz mövqeyini müdafiə edəcəyini bəyan edib. Bu qərarın mümkün nəticələri hələ rəsmən açıqlanmasa da, media orqanlarının yaydığı məlumatlara görə, kluba çempionluq titullarından məhrumedilmə cəzası verilə bilər.
Xatırladaq ki, "Mançester Siti" 2008-ci ildən BƏƏ-nin "Abu Dhabi United Group" şirkətinin rəhbərliyi altındadır. Bu müddət ərzində klub 8 Premyer Liqa çempionluğu, 4 İngiltərə Kuboku, 7 Liqa Kuboku qazanıb, həmçinin 2022/2023 mövsümündə Çempionlar Liqasının qalibi olub.













