"Sabah”ın güclü komanda olduğunu bilirdik. Çempionatımızın ən yaxşı kollektivlərindən birinə qarşı oynayırdıq. Futbolçulardan mübarizə aparmağı tələb etmişdik.
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 11-ci turunda “Sabah”la 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
O, ilk olaraq Zəfər Günü münasibətilə təbriklərini çatdırıb:
“Zəfər Gününüz mübarək olsun. Bu gündə payı olan hər kəsə, xüsusilə cənab Prezidentə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. “Sabah”ın güclü komanda olduğunu bilirdik. Çempionatımızın ən yaxşı kollektivlərindən birinə qarşı oynayırdıq. Futbolçulardan mübarizə aparmağı tələb etmişdik. Meydanda əsl döyüş gördük. Bir xal qazandıq, daha çoxunu da əldə edə bilərdik. “Sabah”a uğurlar arzulayıram”.
Bağırov qarşılaşmada iki xal itirdiklərini düşünmədiyini bildirib:
“Məncə, bir xal qazandıq. Səfərdə “Sabah”a qarşı oynayırdıq. İtirilən xallar barədə düşünmək istəmirəm. Futbolçulara da dedim ki, mənim üçün əsas meydanda göstərdikləri oyun idi. Məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım”.
Baş məşqçi komandasının ilk dövrədəki çıxışını da dəyərləndirib:
“Bir oyunu və bir hissəni çıxmaqla, 10 matçda yaxşı oynadıq. Ən çox xoşuma gələn məqam odur ki, öz meydanımızda müdafiəyə çəkilmirik, pressinq edir və oyuna nəzarət etməyə çalışırıq. Futbolçulara müasir futbol fəlsəfəsini aşılamağa çalışırıq. Çempionatın ən gənc komandasıyıq və daha çox yerli futbolçulara şans veririk”.
Azər Bağırov uğursuz hesab etdiyi oyunların “İmişli” ilə matç və “Şəfa” ilə görüşün ilk hissəsi olduğunu söyləyib.
O, oyunun sonlarında irəlidə pressinq etmək qərarını futbolçularına inamı ilə əlaqələndirib:
“Futbolda qorxmaq olmaz. Futbolçuların motivasiyası yüksək olmalıdır. “Sabah”ın oyunçularının keyfiyyətini bilirdik”.
Bağırov ehtiyat qüvvəsinin məhdudluğu ilə bağlı suala da münasibət bildirib:
“Əslində, dediyinizdə həqiqət var. Çalışıram ki, futbolçulara bərabər səviyyədə şans verim və hamısının oyun praktikası olsun. Statistikaya baxsaq, hücum xəttində müdafiə ilə müqayisədə daha çox rotasiya edirik. Bu, müdafiəçilərdən tam razı olduğum anlamına gəlmir. Çünki qollar buraxırıq. Sadəcə, müdafiədə rotasiya imkanlarımız daha məhduddur. Emin Rüstəmov bütün oyunlarda 90 dəqiqə meydanda olub”.
Baş məşqçi qış transfer pəncərəsində heyətin gücləndirilməsi ehtimalına da toxunub:
“Bu barədə düşünürük. Zaman göstərəcək. Klub rəhbərliyi ilə müzakirələrimiz olub. Qışda bir futbolçu ilə heyəti gücləndirməyə çalışacağıq”.













