Nəşr Dambrauskasın komandasının Kataloniya klubunu məğlub etmək arzusunu vurğulayaraq, qarşılaşmanı Çempionlar Liqasının maraqlı sürprizlərindən birinə çevrilə biləcək oyun kimi təqdim edib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması dünya mətbuatının da diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşlə bağlı İspaniyanın nüfuzlu “Mundo Deportivo” nəşri bir neçə material dərc edib. Qəzet Kataloniya klubunun Azərbaycana səfərini tarixi hadisə kimi qiymətləndirib.
Nəşrin diqqət çəkdiyi əsas məqamlardan biri qarşılaşmaya olan böyük azarkeş marağıdı. “Mundo Deportivo” Bakı Olimpiya Stadionunda tribunaların tam dolmasının gözlənildiyini vurğulayıb.
İspaniya nəşri “Sabah”ın oyuna hazırlığına da xüsusi diqqət ayırıb. Komandanın baş məşqçisi Valdas Dambrauskasın istirahət müddətini artırmaq məqsədilə “Sumqayıt”la oyunun vaxtının dəyişdirilməsi və qarşılaşmadan əvvəl komandanın yaxşı nəticə göstərməsi yazıda ön plana çıxarılıb.
“Sabah”ın 5:1 hesablı qələbəsindən sonra Dambrauskasın səsləndirdiyi fikirlər də İspaniya mətbuatında yer alıb. Litvalı mütəxəssis “Barselona” ilə görüşdə inanılmaz tarix yazmağa çalışacaqlarını bildirib.
“Goal.com” portalı da Azərbaycan təmsilçisinin qarşıdakı matça iddialı yanaşmasından yazıb. Nəşr Dambrauskasın komandasının Kataloniya klubunu məğlub etmək arzusunu vurğulayaraq, qarşılaşmanı Çempionlar Liqasının maraqlı sürprizlərindən birinə çevrilə biləcək oyun kimi təqdim edib.
Avropanın nüfuzlu xəbər platformalarından olan “Euronews” “Sabah”ın Çempionlar Liqasına yüksəlişindən bəhs edən geniş reportaj hazırlayıb. Materialda cəmi bir neçə il əvvəl yaradılmış klubun qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə qədər yüksəlməsi diqqətə çatdırılıb. Baş məşqçi Valdas Dambrauskasın karyerası və komandanın tarixi uğuru da yazıda əksini tapıb.
UEFA-nın rəsmi saytı isə qarşılaşma öncəsi statistik göstəriciləri açıqlayıb. Qurumun məlumatına görə, bu, komandaların tarixində ilk qarşılaşma olacaq. “Barselona” dörd oyundan sonra 9 xalla turnir cədvəlinin beşinci, “Sabah” isə 3 xalla 31-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.













