"Neftçi"nin "Keşlə" ilə I dövrə matçından sonra başlayan yüksəlişi elə bu komanda ilə II dövrə oyununa qədər - cəmi 5 tur çəkdi. "Qarabağ"ın son turlardakı bərabərlikləri "flaqman" azarkeşlərini az da olsa ümidləndirmişdi. Ancaq fikri "Qarabağ"da qalan "ağ-qaralar" arxadan sürətlə gələn "Keşlə"ni unutmuşdu.

İlk dövrədə rəqibi ilə bərabərə qalan Tərlan Əhmədovun kollektivi bu dəfə əzmkar qələbə sayəsində cari mövsümdəki yüksəlişinin təsadüfi olmadığını bir daha sübuta yetirdi. Yayda alternativli heyət quran və mövsümə "çempionluq" şüarı ilə başlayan "Neftçi" isə geridə qalan 11 tur ərzində artıq 15 xal itirib. Qızıl medallara iddia edən istənilən komanda bu mərhələyə qədər belə çox xal itkisinə məruz qalıbsa, bunun sığortasının da qeyri-mümkünə bərabər olduğunu başa düşməlidi. Üstəlik, önündə stabil çıxışa vərdiş etmiş "Qarabağ" kimi rəqib varsa.

Roberto Bordin həmişəki kimi, "Keşlə" ilə matçdan sonra da sudan quru çıxmaq üçün özünü ora-bura vurdu. Amma bu dəfə konkret hədəf seçdi, günahı futbolçularının üzərinə atdı. "Komandanın özünəinamı yox idi" cümləsini işlədən mütəxəssis yəqin ki, həmin inamı oyunçulara baş məşqçinin aşılamağa borclu olduğunu bilir. Hansısa oyunçunun fərdi çıxışının da, futbolçularda yaranan arxayınlığın da məsuliyyətini heç kim yox, baş məşqçi özü daşımalıdı. İtalyan deyirdi ki, futbolçularıma Sezar Meza Kollini diqqətdə saxlamağı tapşırmışdım. Amma unudur ki, paraqvaylının "Keşlə"dəki illik məvacibi onun bir əcnəbisinin ay ərzindəki qazancına bərabərdi. Unudur ki, "Neftçi" "Keşlə"nin yox, "Keşlə" "Neftçi"nin oyunçularını diqqətdə saxlamalıdı. Çempionluğa oynayan komanda bir futbolçunun əlində qalırsa, vay onların halına.

Bordin "Keşlə"yə yenilgiyə görə təkcə futbolçularını "qaralamamışdı". Onların yükünü azaltmaq üçün hakimlər briqadasını da bu sıraya qatmışdı. "Hakimlər tərəfindən obyektivlik olmalıdı. Rəqib komanda etiraz bildirəndə sarı vərəqə göstərir, Daboya qarşı kobudluğa görə susursa, mən etiraz edəndə özümə sarı vərəqə göstərirsə, bundan narazı qalmalıyam. Oyunda qərarlar hər iki tərəfə obyektiv olmalıdı". Bu fikir də oyunsonrası mətbuat konfransında italyana məxsus idi. Həqiqətən də, cənab Bordin düz deyir, qərarlar hər iki tərəfə obyektiv olmalıdı. Ancaq nədənsə biz haqsızlığın "Neftçi"yə yox, "Keşlə"yə edildiyini düşünürük. Tural Axundov sarı vərəqə alanda əsəbi şəkildə hakimin qolundan çəkdi, ona sərt şəkildə etirazını bildirdi. Baş hakimdə qətiyyətlilik olsaydı, həmin andaca Turalı ikinci "sarı" ilə meydandan qovmalı idi. Fasilə ərəfəsində, qoldan saniyələr əvvəl Slavik Alxasovla Baqali Dabo arasında düşən mübahisədə hər iki futbolçu eyni şəkildə bir-birini hədələdi. Slavikə sarı vərəqə göstərən Vüqar Həsənli fransalını niyə "unutdu?" Çünki onun passivində "sarı" var idi və daha birini göstərsəydi, bunun "qırmızı"ya çevriləcəyini yaxşı bilirdi. Bu epizodlarda referi "Neftçi"yə güzəştə getməsəydi, hesabın bərabərləşəcəyinə kim zəmanət verə bilərdi? "Neftçi"nin qapısı qarşısında yaranmış mübahisəli penalti epizodunu hələ demirik.

Görünən odu ki, mövsümün sonuna qədər Bordin hələ çox günahkar axtaracaq, hər büdrəmədə gah oyunçularını, gah hakimləri, gah da azarkeşləri səbəbkar göstərəcək. Və yayda da "Nefçi" ilə 2-3-cü yerlərdən birini tutub, cibidolu ölkəsinə qayıdacaq. Yəqin ki, "Neftçi" onun yüksək liqada baş məşqçi kimi son komandası olacaq. Ancaq burdakı qazancı ömrünün sonuna qədər bəs edəcək. Ara yerdə isə "Neftçi" daha bir ili itirmiş olacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest