Futbolda 3 seçiminiz var: Qalib gəlmək, məğlub olmaq və ya bərabərə qalmaq. Biz heç-heçə etməklə iki müsbət nəticədən birini əldə etdik.

"Bu, futboldur. "Səbail"lə oyun bizim üçün çox çətin oldu. Avrokubok matçından iki gün sonra çempionat görüşünə çıxdıq. Oyundan əvvəl Ağdama getmişdik, 5 saat getmək, bir o qədər də qayıtmaq vaxt apardı. Bizim üçün uzun səfər oldu".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Donald Gerye Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri matç barədə danışarkən deyib.
 
31 yaşlı cinah müdafiəçisi koronavirus və zədə səbəbindən heyətdə bəzi itkilərin olduğunu bildirib: "Bunlar da bizim üçün problem yaradan səbəblərdir. "Səbail"in stadionunun örtüyü də pisdir. Süni örtük bizə çətinlik yaşatdı. Lakin ən azı uduzmadıq və bir xal qazandıq. Futbolda 3 seçiminiz var: Qalib gəlmək, məğlub olmaq və ya bərabərə qalmaq. Biz heç-heçə etməklə iki müsbət nəticədən birini əldə etdik. Artıq bu oyunu unuduruq. Növbəti matçlara köklənməliyik".
 
Haitili oyunçu Ağdam təəssüratlarını da bölüşüb: "Şəhəri görəndə "Aman Allahım" deyirdim. Şəhər, evlər və hər yer ermənilər tərəfindən dağıdılıb. İnsanların dağıdılmış evlərini görmələri dəhşətdir. Ağdamda çox sayda insan vəfat edib. Bu, çox üzücüdür".
 
Gerye "İmarət" stadionunun dağıdıldığını sözlərinə əlavə edib: "Orada stadionu görəndə də çox təəccübləndim. Stadion yenidən qurulmalıdır. Bu isə yetərincə vaxt deməkdir. "Qarabağ" klubu da gündən-günə inkişaf edir. İnkişaf və tərəqqi göz önündədir. Mən bunları görürəm. Bu cür komandanın bir parçası olduğum üçün qürur duyuram".
 
Təcrübəli futbolçu Avropa Liqasının qrup mərhələsinin IV turunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı keçirəcəkləri oyun barədə isə bunları deyib: "Bizim üçün çox çətin oyun olacaq. Amma əlimizdən gələnin ən yaxşısını edəcəyik. Yol yorğunluğu və öz yorğunluğumuz kimi çətinliklər ola bilər. Zədəli və xəstə oyunçularımız da var. Tam heyətlə meydana çıxa bilmirik. Amma bütün bunlara baxmayaraq, ən yaxşısını etməyə çalışacağıq. Komandaya, yoldaşlarıma və bütün heyətə inanıram. Yaxşı nəticə üçün mübarizə aparacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest