Mövsümün ilk yarısında qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan "Keşlə"nin bu qış heyətinə qatdığı ilk futbolçu kamerunlu oldu. çempionluqdan dəm vuran baş məşqçi Yunis Hüseynov  bəh-bəhlə Anatole Abanqın komandaya xeyir verəcəyini düşündü və paytaxt klubu ilə futbolçu arasında 1 illik müqavilə imzalandı.

Lakin kamerunlu futbolçu hələ yeni komandasında debüt etməsə də, onun intizamsızlığı barədə mətbuatda yazılanlar daha çox diqqət çəkir. 24 yaşlı mərkəz hücumçusu son olaraq Moldovanın "Şerif" klubunda oynayıb. Abanq buna qədər çinin "Nantoq", ABŞ-ın "Nyu York Red Bulls", Rumınıyanın "Astra", Finlandiyanın SJK, Danimarkanın "Hobro" və Kamerunun "Reynbou" klublarında çıxış edib. "Keşlə" peşəkar karyerasına 2014-cü ildə başlayan futbolçunun 8-ci klubu olacaq.

6 ilə 8 klub dəyişən birinin nə dərəcədə ciddi transfer olması şübhə doğurur. Keçirdiyi 110 matçda 35 qol vurması da hücumçunun keyfiyyət göstəricisi ola bilməz. Abanqın hansı səviyyəyə malik olduğunu bircə epizodla qiymətləndirmək kifayətdi. Bu yay "Qarabağ"la Bakıdakı avrokubok matçında Anatole 37-ci dəqiqədə qırmızı vərəqə alaraq tiraspolluları çətin vəziyyətdə qoymuşdu. Onun meydandan qovulduğu an isə gülüşə səbəb olmuşdu. Hücum zamanı Bədavi Hüseynova adi epizodda karate fəndi işlədən kamerunlu məsuliyyətsizliyini ortaya qoymuşdu.

Bütün bunlar azmış kimi, Abanq həm də narkotik maddələrə meylli biri imiş. Belə ki, kamerunlu forvard "Nyu York Red Bulls"da forma geyinərkən, 2018-ci il dekabrın 5-də ABŞ-da marixuana və narkotik maddələr saxladığı üçün həbs olunub. Bu üzdən "Keşlə"nin yeni hücumçusu 2019-cu ilin əvvəlində bir neçə dəfə məhkəmə qarşısına çıxarılıb. Sonda isə görünür, hər şey onun üçün yaxşı bitib və çinin "Nantoq" klubuna yollanıb. Onun Azərbaycandakı karyerasında hansı maraqlı olayların baş verəcəyi də böyük maraq doğurur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest