Premyer Liqamızda 4-cü tura "Qarabağ" – "Sumqayıt" oyunu ilə yekun vuruldu. Matc.az saytı xəbər verir ki, mövsümə yaxşı başlanğıc edən iki komandanın duelində birincilər aşkar favorit idi. İlk məğlubiyyətini ötən turda alan "gənclik şəhəri" təmsilçisinin iki güclü heyətə malik ağdamlılar önündə çıxışı böyük maraqla gözlənilirdi. çünki Ayxan Abbasovun yetirmələri adətən güclü rəqiblərə layiqli müqavimət göstərməsi ilə seçilir.

Premyer Liqa
12 sentyabr, 4-cü tur

"Qarabağ" – "Sumqayıt" – 2:0
Qollar: Filip Ozobiç, 42 (p.), 90+5
"Azersun Arena". Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Fərid Hacıyev
"Qarabağ": 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə (2. Qara Qarayev, 72), 17. Qaspar Panadero (20. Kadi Borqes, 62), 29. Marko Veşoviç, 22. Musa Qurbanlı (27. Toral Bayramov, 60)
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 6. Patrik Andrade, 25. Vadji İbrahima, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

"Sumqayıt": 13. Aydın Bayramov, 17. Murad Xaçayev (23. Səid Rza, 71), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov (11. Rüfət Abdullazadə, 83), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə (60. Elvin Məmmədov, 84)
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov

"Qarabağ" 9 dəyişiklik və eyni sxemlə

Bir neçə gün əvvəl "Bazel" önündə əla çıxışa baxmayaraq, qolsuz heç-heçə ilə kifayətlənən "Qarabağ"ın heyətində köklü islahatın aparılması gözlənilən idi. Qurban Qurbanovun əlində çempionatı "yola verəcək" oyunçu sayı kifayət qədərdi ki, təcrübəli mütəxəssis də bundan lazımınca yararlandı. çempionatın son matçında "Neftçi" üzərində qələbə qazanan "11-liy"in cəmi 3 üzvü yenə ilk dəqiqələrdən meydanda idi. Bunlar Maksim Medvedev, Abbas Hüseynov və İsmayıl İbrahimli idi.  Start heyətindəki 8 oyunçudan yalnız ikisi "Neftçi" önündə son dəqiqələrdə mübarizə aparıb. "Bazel"lə qarşılaşmada isə bu heyətdən yalnız Maksimlə Abbas meydanda idi. Xayme Romero uzun müddətə sıradan çıxıbsa, Abdullah Zubirlə Kevin Medinaya istirahət verilmişdi.

"Bazel"lə görüşün heyətində 9 dəyişikliyə baxmayaraq, ağdamlıların oyun sxemində və fəlsəfəsində heç nə dəyişməmişdi. Qurban Qurbanov 4-3-3-ə əl dəyməmişdi. Xüsusən də, son vaxtlar heyətdəki yerini itirən Filip Ozobiç, komandaya qayıdan Riçard Almeyda və yeni transferlər Bəhlul Mustafazadə ilə Qaspar Panaderonun hansı durumda olması maraq doğururdu.

Heyətə və düzülüşə sadiq "Sumqayıt"

Elə "Sumqayıt" da vərdiş etdiyi sistemə sadiq qalmışdı. "Səbail"ə uduzmalarına baxmayaraq, Ayxan Abbasov həmin görüşün "11-liy"ində cəmi 1 dəyişiklik etmişdi. Yusif Nəbiyevin əvəzinə müdafiənin cinahında bu dəfə Dmitri Nağıyev şans qazanmışdı. 5-4-1 sxemində meydana çıxan qonaqlar yenə mərkəzdə sıxlıq yaratmaq gücündən yararlanmaq fikrində idi. 5-li müdafiənin önündə Murad Xaçayev, Vüqar Mustafayev və Səbuhi Abdullazadə bir növ dayaq yarımmüdafiəçisi funksiyasını icra etməli, hücumçu Əli Qurbaninin əsas dəstəkçisi isə Rəhim Sadıxov olmalı idi.

Formadan uzaq Ozobiç, "dişsiz" görünən hücum

"Qarabağ"da heyətin demək olar ki, başdan-ayağa dəyişməsi komandanın oyununa təsirsiz ötüşməyə bilməzdi. Startda futbolçular həm meydana, həm də bir-birlərinə uyğunlaşmağa çalışırdılar. Ancaq "Sumqayıt"ın bütün qüvvə ilə müdafiədə gözləməsi ağdamlıların toparlanmasına zəmin yaratdı. Dəqiqələr keçdikcə ev sahibləri topa nəzarəti tam ələ keçirməyə nail oldu. Ancaq sol cinahdakı Ramil Şeydayevlə müqayisədə əks cinahda Qasparın passiv çıxışı və Musa Qurbanlının müdafiənin dərinliklərində "itməsi" hücumların kəsərini azaldırdı. Qasparın zəif çıxışı fonunda onun arxasında yer alan Marko Veşoviç həm özünün, həm də komanda yoldaşının işini məharətlə görürdü. Ozobiç də formadan uzaq göründüyündən, sumqayıtlılar rəqib hücumlarını dəf edə bilirdilər.

Bir səhv, bir qol

"Kimyaçılar" çox nadir halda əks-hücuma atıla bilirdi. Tək-tük həmlələrin birində Əli Qurbani az qala başla fərqlənəcəkdi. Top qonaqlarda olanda futbolçular bir növ irəlidə ötürmə gözləyən Qurbani ilə Rəhim Sadıxova ötürmə verməyə çalışırdılar. Ayxan Abbasovun kollektivi 8 nəfərlə səbirlə sıx müdafiə futbolunu davam etdirir, çox adamla əks-hücuma atılmağa gərək duymurdu. "Sumqayıt" futbolçularının bu səliqəli mübarizəsini Elvin Bədəlovun ani "yuxulaması" puç etdi. 40 dəqiqə hücumalara sinə gərən qonaqların heyətində Bədəlov ani epizodda konsentrasiyanı itirdi və Musanı cərimə meydanı daxilində kobudluqla dayandırdı. Təyin olunan penaltini isə Ozobiç qola çevirdi – 1:0. Halbuki qola qədər sumqayıtlılar rəqibə əsl "divar" olmuşdular.

Əvəzləmələrin təsiri

Hesabda geri düşən "Sumqayıt" ikinci hissədə fərqli oyun nümayiş etdirdi. Əslində komandanın 60-cı dəqiqədən sonra açıq futbola keçməsini gözləmək olardı. Ancaq "gənclik şəhəri" təmsilçisi fasilədən dərhal sonra müdafiədə ehtiyatı əldən verməməklə daha çox hücuma atılmağa başladı. Qonaqlar qısa ötürmələrlə topu özündə saxlasa da, rəqib qapısına yaxınlaşmaqda çətinlik çəkirdi. Meydan sahiblərində isə ilk olaraq passiv görünən Qasparla Musa əvəzləndi. Kadi Borqes və Toral Bayramovun meydana daxil olması "Qarabağ"ın sistemində və oyun üslubunda da dəyişikliyə səbəb oldu. 4-5-1-ə keçən ağdamlılarda Şeydayev hücumun mərkəzində tək oynayırdı. Hücumameyilli oyunçuların sayının azalması vitse-çempionun nisbətən geriyə çəkilməsinə yol açdı. Hiss olunurdu ki, Qurban Qurbanov ilk növbədə qələbə hesabını qorumağı düşünürdü.

Kor-koranə hücuma qolla cavab

"Sumqayıt" isə əvəzində hücumameyilli oyunçuların meydana daxil olması ilə qol axtarışına çıxdı. Xüsusən də, Səid Rza komandanın hücumunu gücləndirməli idi. Ancaq onların cəhdlərini zərərsizləşdirmək "Qarabağ" oyunçuları üçün çətin olmurdu. Ağdamlıların əsas problemi sürətli əks-hücumlara keyfiyyətli şəkildə çıxa bilməmək idi. Qarşılaşmanın sonlarında qonaqlar artıq oyundan tamam qopdu. Kor-koranə hücuma atılmaqla "Qarabağ" kimi rəqibi məyus etmək mümkün deyildi. Əvəzində son dəqiqələrdə ağdamlılar matça nəzarəti tam ələ keçirdi. Bunun da bəhrəsi kimi, final fitinə 2 dəqiqə qalmış Ozobiç əks-hücumdan həm dublunu rəsmiləşdirdi, həm də oyunda son nöqtəni qoydu – 2:0. Bu qələbə sayəsində xallarının sayını 10-a yüksəldən "Qarabağ" turnir cədvəlinə "Qəbələ" ilə şərikli liderlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest