"Onun hekayəsi dünyaya gəlməmişdən başladı. Kostas Mitroğlunun illər əvvəl Anadoluda başlanan hekayəsi İstanbulda davam edəcək"

Yunanıstan millisinin futbolçusu Kostas Mitroğlunun "Marsel"dən (Fransa) "Qalatasaray"a keçməsi Türkiyədə böyük əks-səda doğurub. Matc.az xəbər verir ki, goal.com.tr saytının əməkdaşı Süleyman Tetik ötən əsrin əvvəllərində bu ölkədən köçən ailənin davamçısına yazı həsr edib.

"Onun hekayəsi dünyaya gəlməmişdən başladı. Kostas Mitroğlunun illər əvvəl Anadoluda başlanan hekayəsi İstanbulda davam edəcək.

Bu sətirləri yazdığım fonda məni Haris Aleksiounun möhtəşəm səsindən gələn "Ola Se Thimizoun" mahnısı müşayiət edir. Hekayə isə Harisin həmyerlisi, ancaq bizə də bir o qədər yaxın olan birinə aiddi: "Qalatasaray"in yeni qolçusu Kostas Mitroğlu...

Kostas uzun illərdi Avropa futbolunda özünə yer qazanmış, zaman-zaman Türkiyədə də həddən artıq gündəmə gəlmiş, hətta özü ilə bağlı irəli sürülən iddianı bu ölkəyə marağı olmadığı illərdə də qəti şəkildə rədd edən biridi.

O, Yunanıstana köçən ailələrdən birinin nəvəsidi. Soyadındakı "oğlu" sonluğu da ona Anadoludan qalan bir mirasdı. Tam Ordu/Gölköy köklü olan və bir dönəm "Trabzonspor"da oynayan Avraam Papadopulos kimi, o da Karamandan, Trabzondan və digər bir çox bölgələrdən köçən ailələrdən birinə sahibdi. Mitroğlu ailəsinin mübadilə dövründə Kapadokyadan köçdüyünə inanmaq olar. Qısası Kostas ölkəsinə olduğu qədər bizə də yaxın addı.

Anadoludan ayrılmağa məcbur qalıb Yunanıstana köçən Mitroğlu ailəsi bu gün bir çox türkün yaşadığı və küçələrində türkcənin tez-tez rast gəlindiyi Kavalaya yerləşdi. Kostas Mitroğlu Yunanıstanın qərbində qalan və az sayda tikiliyə sahib bir şəhərdə doğuldu. Ancaq onun həyatı bir çox türkün taleyinə bənzəyirdi. Hələ kiçik olarkən ailəsi iş üçün qürbətə - Almaniyaya köçdü.

Uşaqlığını Almaniyada keçirən Mitroğlu futbola da qürbətdə başladı. "Duysburq"un aşağı yaş qrupuna qəbul olunanda cəmi 13 yaşı vardı. Erkən yaşda Almaniyanın bölgədəki diqqətçəkən klublarından birinə adını yazdıran oyunçu arzusunda Mönhenqladbax yolunu tutsa da, Almaniya karyerası qısa sürdü. Yunan nəhəngi "Olimpiakos" onu transfer etmək istəyəndə, təklifdən imtina edə bilmədi. Kiçik yaşda fəhlə ailəsinin oğlu kimi Almaniyaya daşınan Kostas 18 yaşında futbolçu olaraq Yunanıstana döndü.

"Olimpiakos" illərində tarix yazan qolçu 7 il ərzində ölkəsində top qovdu. Bir tərəfdən də çiyninə milli komanda forması düşmüşdü. "Olimpiakos"dakı yüksək səviyyə ilə birlikdə "Fulhem"ə transfer olmuş, Premyer Liqaya addım atmışdı. Mitroğlu Cenk Tosunun hekayəsinə bənzər bir karyeraya sahibdi. ölkəsindən Almaniyaya köçən, özünü futbola həsr edib ölkəsinə qayıdan, ulduzu parlayıb Premyer Liqanın qapılarını açan...

"Olimpiakos"dan ayrıldıqdan sonra gah parladı, gah söndü. Amma artıq Kostas məşhur futbolçu idi. Tez-tez adı türk klubları ilə hallanırdı. Amma Türkiyədə onun adı daha çox soyadı ilə ön plana çıxırdı.

Mitroğlunun özünəməxsus qol sevinci var idi. Qol vurandan sonra əlləri ilə avtomat tutduğunu təqlid edirdi. Bu qol sevinci Türkiyədə bir tənqid kampaniyasına əsas vermişdi. Mitroğlunun türk düşməni olduğu iddia edilirdi. Onun qol sevinci zamanı qarşısında türkü xəyalına gətirdiyi, hətta bu üzdən də silah hərəkəti göstərdiyini etiraf etməsi danışılırdı. Yunan qolçu ona atılan bu böhtanı dərhal sosial şəbəkədəki yazısı ilə rədd etmişdi: "Axmaqlıq. Türkiyədəki yaxın dostum xəbər verdi. Təbii ki, bu bir axmaqlıdı. Əsla belə söz deməmişəm".

çox keçmədi. Türkiyədə "Türk düşməni" elan olunan və bu böhtandan güclə yaxa qurtaran Kostas vətənində də diqqət mərkəzinə düşdü. O, Yunanıstan millisinin oyunlarından biri zamanı himnə hörmətsizlik etməsi iddiası ilə "Yunan düşməni" də elan olundu. Amma futbolçu heç vaxt nə türk düşmənçiliyi etdi, nə də ölkəsinin imicini zədələyəcək bir hərəkətə yol verdi. Şəxsi həyatı ilə deyil, sakit tərzi və alicənablığı ilə ön plana çıxdı. özü də sosial mediadan haqqında çıxan pis iddiaları da təkzib etmək üçün istifadə edirdi.

Son vaxtlar "Marsel"də göstərdiyi oyuna görə daim müzakirə edilməkdən qurtulmayan Mitroğlu artıq "Qalatasaray" üçün savaşacaq. İllər əvvəl, o doğulmazdan əvvəl Kapadokyadan başlayan hekayə İstanbulda davam edəcək.

Kostas, evinə xoş gəldin!"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest