"Zirə"nin futbolçusu Bilal Həmdi "Qəbələ" ilə oyundan sonra (1:1) matc.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Baş məşqçi dedi ki, Bilalın yoxluğunda əziyyət çəkirik. Həkimlər isə az oynamağına icazə vermişdilər. Bəs özün necə dəyərləndirirsən meydanda olduğun vaxtı?

- Meydana daxil olmamışdan əvvəl baş məşqçi tapşırdı ki, çalış xəttə yaxın oyna və rəqib komandanın kompatktlığını poz. Sürətli əks hücuma çıx, cinahları aktiv saxla. Zədəli olduğum üçün 90 dəqiqə oynaya bilmədim, amma çalışdım ki, komandama yardımçı olum.

- Maraqlıdır ki, cinahdan ötürmə verərkən cərimə meydançasında kimisə hədəf alıb atırsan, yoxsa ortaya yollayırsan topu?

- Təbii ki, təsadüfə ümid edib ötürmə vermirəm. Top itkisini sevmirəm, buna görə də cinahdan ötürmə imkanı yaranan kimi başımı qaldırıb cərimə meydançasına baxıram, ondan sonra ötürmə verirəm. Belə bir şans olmayanda isə topun komandamda qalmasına çalışıram.

- Bugünkü ötürməndə də Fofanı görüb atmışdın?

- Qapıçı ilə rəqib müdafiəçi arasında kiçik bir zona gördüm, topu mümkün qədər möhkəm zərbə ilə ora atmağa çalışdım ki, komanda yoldaşım toxuna bilməsə də, rəqibdə dəyib avtoqol olsun.

- "Zirə" 4-cü pillədə qərarlaşmış "Qəbələ" ilə aradakı xal fərqini azalda bilmədi. Növbəti oyunlarda bu fərqi qapada biləcəksinizmi?

- Növbəti matçımız "Qarabağ"a qarşıdı. Bu, sizə çox asan gəlməsin. Amma düşünürəm ki, bizim də keyfiyyətli oyunçularımız var, çalışacağıq ki, lazımi nəticəni qazanaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest