“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin matc.az saytına müsahibəsi

- Söhbətə “Sumqayıt”la son turda keçirdiyiniz oyundan başlayaq. Evdə bu hesabla məğlubiyyət gözlənilməz olmadı?

- Rəqibi analiz etmişdik. Bilirdik ki, “Sumqayıt” hərəkətli komandadı. Son turlarda yaxşı oyunlar keçirmişdilər. Açığı, bu hesabla məğlub olacağımızı gözləmirdik. Meydana qələbə üçün çıxmışdıq. Rəqiblərdən aralanmamaq üçün xal ehtiyatımızı artırmaq istəyirdik. Amma alınmadı, yekunda uduzduq. Çalışacağıq ki, bu matçı unudaq və bütün fikrimizi növbəti görüşə yönəldək.

- Oyunun qırılma anlarından biri kimi sizin avtoqolunuzu qeyd etmək olar? Həmin epizoda necə şərh verərdiniz?

- Deməzdim ki, avtoqol qırılma anı oldu. Həmin vaxt hesab 0:0 idi və avtoqoldan sonra 1 top fərqi ilə geri düşdük. Ondan sonra qol şanslarımız oldu. Xüsusən, ikinci hissədə qol vəziyyətləri yaratdıq, amma dəyərləndirə bilmədik. 3 və 4-cü qolları isə rəqib əks-hücumdan vurdu. Halbuki hesab arasındakı fərqi 1-ə endirdikdən sonra 2 real qol şansımız var idi. Onları dəyərləndirə bilsəydik, bəlkə də, matç başqa cür nəticələnərdi. Avtoqola gəlincə, ondan öncə də elə bir epizod olmuşdu. Avtoqol epizodunda da istəyirdim ki, ayağımın içi ilə topu çıxarım. Sadəcə, top ayağımın üst tərəfindən dəydi və səmtini dəyişərək uzaq küncə getdi. Qapıçımız da həmin topa reaksiya verə bilməzdi. Şanssızlıq yaşadıq.

- Məğlubiyyətdən sonra baş məşqçi Ayxan Abbasov sizə və digər futbolçulara nə dedi?

- Ayxan Abbasov həmişə futbolçularının yanında olub. Hər matçdan sonra ilk növbədə öz oyunumuzu analiz edirik, baş məşqçimiz harada səhv buraxdığımızı bizə başa salır. Ayxan Abbasov qarşıdakı görüşlərdə yaxşı çıxış etməsi üçün komandaya həmişə dayaq olur, dəstəyini göstərir.

- Növbəti turda “Neftçi”nin qonağı olacaqsınız. Paytaxt səfərində şansları necə dəyərləndirirsiniz?

- “Neftçi” də bizim kimi, son turda məğlub olub. Onlar da Avropa Liqasına vəsiqə üçün mübarizə aparan komandalardandır. Çətin oyun olacağını bilirik. Çalışacağıq ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək və yaxşı nəticə qazanaq.

- “Turan Tovuz”un mövsümü neçənci pillədə bitirəcəyini düşünürsünüz? Avrokuboklardan kənarda qalsanız, bunu normal, yoxsa faciə olaraq qəbul edəcəksiniz?

- Sözün açığı, qarşımıza avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Təbii ki, hər futbolçu komandasının nəticələrinin yaxşı olmasını istəyər. Qarşıda bizi 5 oyun gözləyir. Hər oyuna qələbə üçün çıxacağıq. Düşünmürəm ki, avrokuboklara vəsiqə qazanmasaq, bunu faciə kimi qəbul edəcəyik. Çünki iki ilin komandasıyıq, qarşımıza belə bir məqsəd qoyulmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest