Hazırda stadionda bərpa işləri sürətlə davam edir; texnikalar ərazini hamarlayır, meydança yenidən qurulur.

Bəzən böyük işlər görmək üçün sadəcə bir xeyirxah niyyət və sarsılmaz birlik kifayət edir.

Matc.az İndex.az-a istinadən xəbər verir ki, Elnur Qazaxlının verdiyi məlumata görə, Qazax rayonunun Çaylı kəndində reallaşan bu gözəl təşəbbüs həm vətəndaş fədakarlığının, həm də dövlət qayğısının ən gözəl nümunələrindən birinə çevrilib.

​Hər şey Çaylı kənd sakini, keçmiş futbolçu və kiçik sahibkar Mehdiyev Layiqin unudulmaz addımı ilə başladı. Ömrünü idmana həsr etmiş bu insan, kənd gənclərinin sağlam böyüməsi üçün aylarla topladığı şəxsi vəsaitini ortaya qoyaraq stadionun bərpasına start verdi. Layiq müəllimin atdığı bu addım hər cür təqdirəlayiqdir.

​Bu, sadəcə bir təmir işi deyil; bu, doğma yurda olan sonsuz sevginin və gələcək nəsillərə qayğının ən səmimi təzahürüdür. Layiq müəllim kiçik bir sahibkar olsa da, ortaya qoyduğu bu böyük iradə qısa zamanda digər kənd sakinləri tərəfindən də coşqu ilə qarşılandı. Sakinlərin bu təşəbbüsə dərhal qoşulması və nümayiş etdirdikləri birlik ruhu hər kəsə "halal olsun!" dedirdir.

​Sakinlər bu nəcib işə başlamazdan əvvəl ilk öncə rəsmi qaydada rayon rəhbərliyinə müraciət ediblər. Yanvarın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Çaylı kəndində olaraq, vətəndaşların stadionun kənd sakinlərinin vəsaiti hesabına təmir edilməsi barədə müraciətinə yerində baxış keçirib.

​Sakinləri dinləyən rayon rəhbəri bu nümunəvi təşəbbüsdən razılığını ifadə edərək bildirib ki, "Qazax İdman Paytaxtı 2026" çərçivəsində bu stadionun bərpa edilməsi Çaylı kəndində yaşayan uşaq, yeniyetmə və gənclərin idmanla məşğul olması üçün böyük bir töhfə olacaqdır.

​Hazırda stadionda bərpa işləri sürətlə davam edir; texnikalar ərazini hamarlayır, meydança yenidən qurulur. Çaylı sakinləri onlara göstərilən bu qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

​"Bu stadion sadəcə idman obyekti deyil, həm də Çaylı kəndinin sarsılmaz birliyinin, vətənpərvərliyinin və işıqlı gələcəyə olan inamının rəmzidir."

​Bu təqdirəlayiq işin təməlini qoyan Mehdiyev Layiq başda olmaqla, əməyi, zəhməti və vəsaiti ilə bu işə dəstək olan hər bir kənd sakininə sonsuz təşəkkür edirik. Sizin bu birliyiniz bütün ölkəmiz üçün bir örnəkdir. İnanırıq ki, bu meydançadan sabahın böyük çempionları yetişəcək.

Təşəkkürlər Çaylı! ​Yolunuz açıq, birliyiniz əbədi olsun!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest