FİFA-nın maliyyə faydaları, oyunların sayının çoxluğu və sıx təqvim barədə uzun-uzadı danışmaq olar, amma fakt budu ki, bizi yayda unikal futbol bayramı gözləyir. Bununla belə, mundiala hamı düşə bilmədi və iştirakçılar haqqında danışmazdan əvvəl final mərhələsinə vəsiqə uğrunda keçirilən son pley-off oyunlarının nəticələrinə baxaq.
İtaliya millisinin uğursuzluğu və digər pley-off nəticələri
Şübhəsiz ki, ən böyük sensasiya İtaliyanın Bosniya və Herseqovina yığmasına məğlub olması oldu. “Skuadra adzurra” oyuna inamlı başladı və 15-ci dəqiqədə hesabı açdı. Lakin ilk hissənin sonlarında müdafiəçi Alessandro Bastoni son ümid qaydası pozuntusuna görə qırmızı vərəqə aldı və bundan sonra oyunun axarı dəyişdi. Bosniya və Herseqovina komandası ikinci hissənin sonlarında təzyiqi artıraraq oyunu əlavə vaxta apardı. Orada hesab dəyişməz qaldı və mundiala vəsiqənin taleyi penaltilər seriyasında həll olundu.
İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qaldı. Halbuki bundan əvvəl tarixində cəmi bir dəfə seçmə mərhələni keçə bilməmişdi. Bu, xüsusilə də 2021-ci ildə Avropa çempionatında qazandıqları qələbəni nəzərə alsaq, çox təəccüblüdü.
Digər pley-off oyununda Kosovo millisi də sensasiya yaratmağa yaxın idi və Türkiyə yığmasına ciddi müqavimət göstərdi. Lakin favorit öz sözünü dedi və Kerem Aktürkoğlunun qolu ilə 1:0 qalib gəldi.
Avropa komandaları arasında qalan iki pley-off oyunu daha məhsuldar alındı. Polşa millisi İsveçlə oyunda iki dəfə hesabı bərabərləşdirsə də, London “Arsenal”ının hücumçusu Viktor Dyökeresin qolu isveçlilərə 3:2 hesablı qələbə qazandırdı. Maraqlıdı ki, İsveç komandası seçmə mərhələdə qrupda sonuncu yeri tutmasına baxmayaraq, UEFA-nın qaydalarına əsasən Millətlər Liqası vasitəsilə pley-offa düşmüşdü.
Bu qaydalara görə, birbaşa və ya adi seçmə yolu ilə pley-offa düşə bilməyən Millətlər Liqasının dörd ən yaxşı komandası əlavə şans qazanır. İsveç də qrupunu qazandığı üçün bu imkandan yararlanmışdı.
Polşa millisi 2014-cü ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazana bilmədi. Görünür, Robert Levandovskini artıq mundialda görməyəcəyik - hücumçu bu il 38 yaşını tamamlayır. Amma Avro-2020-nin ən gözəl qolunun müəllifi Patrik Şik mundiala gedəcək: onun Çexiya yığması Danimarkanı penaltilərdə məğlub etdi (120 dəqiqədən sonra 2:2).
Qitələrarası iki final pley-off oyunu da diqqət çəkdi. Afrika, Şimali Amerika, Asiya və Cənubi Amerikadan olan komandaların qarşılaşmalarında DR Konqo Yamaykanı, İraq isə Boliviyanı məğlub etdi.
Debütantlar və uzun müddətdən sonra qayıdışlar
Dünya çempionatının formatının genişlənməsi bütün qitələrə təsir etdi. Qətərdəki turnirlə müqayisədə Avropadan komandaların sayı 13-dən 16-ya, Afrikadan 5-dən 10-a, Asiyadan 6-dan 9-a yüksəldi. Şimali və Cənubi Amerikadan isə hərəsinə əlavə iki yer ayrıldı (ümumi 6). Okeaniya da yenidən təmsil olunacaq.
Bu dəyişikliklər bir çox ölkəyə tarixində ilk dəfə mundiala düşmək imkanı verdi. Bundan dörd komanda yararlandı: Özbəkistan, İordaniya, Kabo-Verde və Kurasao.
Özbəkistan seçmə mərhələdə xüsusilə möhkəm müdafiə oyunu ilə seçildi və İranın ardından qrupda ikinci olaraq vəsiqə qazandı. Komandada Abbosbek Fayzullayev və Eldor Şomurodov kimi tanınmış oyunçular çıxış edir.
İordaniya futbolu da sürətlə inkişaf edir - komanda son illərdə Asiya Kubokunun final mərhələlərinə müntəzəm qatılır və 2023-cü ildə finala qədər yüksəlib.
Kabo-Verde mundiala vəsiqə qazandığı zaman ərazi baxımından ən kiçik ölkə idi, daha sonra bu status Kurasao-ya keçdi.
Uzun fasilədən sonra qayıdan komandalar arasında Haiti və DR Konqo (1974-dən bəri ilk dəfə), İraq (1986-dan sonra), Norveç və Şotlandiya (1998-dən sonra) xüsusilə seçilir. Həmçinin Fil Dişi Sahili və Əlcəzair də 2014-dən sonra yenidən mundialda çıxış edəcək.
Qrup mərhələsinin düzülüşü
Yeni qaydalara görə 48 komanda 12 qrupa bölünüb (hərəsində 4 komanda). Qrupda ilk iki yeri tutanlar birbaşa pley-offa yüksəlir. Üçüncü yerlər arasında isə ən yaxşı səkkiz komanda əlavə göstəricilərə görə seçilərək 1/16 finala vəsiqə qazanır.
Bəzi qruplarda açıq favorit yoxdur. Məsələn, Bosniya və Herseqovina Kanada, Qətər və İsveçrə ilə birlikdə B qrupunda mübarizə aparacaq. ABŞ D qrupunda Paraqvay, Avstraliya və Türkiyə ilə qarşılaşacaq. A qrupunda isə Meksika, CAR, Cənubi Koreya və Çexiya yer alıb.
Digər qruplarda isə favoritlər aydın görünür. Məsələn, Haiti üçün Braziliya, Mərakeş və Şotlandiya ilə mübarizə çətin olacaq. Kurasao da Almaniya, Fil Dişi Sahili və Ekvadorla oynayacaq.
“Ölüm qrupları” da var: F qrupunda Niderland, Yaponiya və İsveç Tunisə qarşı çıxacaq. L qrupunda İngiltərə, Xorvatiya və Qana mübarizə aparacaq. Ən böyük maraq isə I qrupundadır — Fransa (Kilian Mbappe), Norveç (Erlinq Holand), Seneqal və İraq.
İran məsələsi
İran millisinin iştirakı hələ də sual altındadı. ABŞ və İsraillə bağlı siyasi gərginlik səbəbindən müxtəlif müzakirələr gedir. FİFA prezidenti Canni İnfantino isə bildirib ki, İran mundialda iştirak edəcək.
Əgər İran boykot etsə, ehtimal ki, onu BƏƏ millisi əvəz edəcək.
Nəticə
Dünya çempionatının açılış oyunu 11 iyunda Mexikodakı “Astek” stadionunda Meksika və CAR arasında keçiriləcək. Final isə 19 iyulda ABŞ-da “MetLife” stadionunda baş tutacaq.












