"Nitsa" və Fil Dişi Sahili milli komandasının hücumçusu Elie Vahi 2026-cı il dünya çempionatının başlamasından təxminən iki həftə əvvəl Fransada həbs edilib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Vahi şübhəli oyun danışıqları və qanunsuz mərc ittihamları ilə istintaq altındadır. İstintaq mayın 17-də Liqa 1-də "Metz" ilə matç zamanı baş verən hadisə ilə bağlıdır. Monitorinq sistemləri Vahinin matçda bilərəkdən sarı vərəqə alacağını göstərən qeyri-adi vəsait axını aşkar edib və həqiqətən də o, qarşılaşmanın 35-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Həmin sarı vərəqə onun limitini doldurduğu üçün futbolçu komandasının növbəti vacib pley-off matçını buraxmalı olub.
Fransanın korrupsiyaya qarşı mübarizə polisi tərəfindən mayın 29-da saxlanılan 23 yaşlı hücumçu dindirildikdən sonra sərbəst buraxılsa da, hələ də rəsmi şübhəli şəxs qismində qalır. Həbs olunmasına baxmayaraq, rəsmi ittiham irəli sürülmədiyi üçün onun ABŞ-yə səfər etməsinə icazə verilmişdi.
Vahi hazırda Fil Dişi Sahili komandası ilə dünya çempionatında iştirak edir. O, komandasının Ekvadora qarşı keçirdiyi və 1:0 hesabı ilə qalib gəldiyi ilk qrup oyununda start heyətində meydana çıxaraq 56 dəqiqə oynayıb.
Son məlumatlara görə, Fil Dişi Sahili Futbol Federasiyası futbolçuya tam dəstək nümayiş etdirsə də, onun Almaniya ilə Torontoda keçiriləcək növbəti qarşılaşma üçün Kanadaya giriş icazəsi almasında inzibati problemlər yaranıb.












