Argentina Prezidenti Xavyer Miley komandanın 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlub olmasına baxmayaraq, ölkədə milli istirahət günü elan edib.
Matc.az xəbər verir ki, dövlət başçısı bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Bildirilir ki, komandanın ikinci yeri qazanması münasibətilə təşkil olunacaq bayramın dəqiq tarixi futbolçular və məşqçilər heyətinin qərarından asılı olacaq. Miley bununla bağlı paylaşımında "Argentina yığmasının nailiyyəti şərəfinə keçiriləcək bayram tədbirləri ilə bağlı narahatlığı nəzərə alaraq əhaliyə bildirirəm ki, oyunçuların və məşqçilər heyətinin qeyd etmək üçün seçəcəyi gündən asılı olaraq, həmin gün milli istirahət günü elan ediləcək" sözlərini yazıb.
Qeyd edək ki, Miley iririm inancları səbəbindən dünya çempionatının final oyununu stadiondan izləməyə gəlməyib. Argentina prezidentləri komandalarına uğursuzluq gətirməmək üçün çoxdandır ki, vacib əhəmiyyətli dünya çempionatı matçlarında iştirak etməkdən ehtiyatlanırlar.
Bu inancın kökü 1990-cı il turnirinə gedib çıxır. Həmin zaman ovaxtkı prezident Karlos Menem açılış oyunundan dərhal əvvəl Argentina millisini ziyarət etmiş və komanda Kameruna uduzmuşdu (0:1). Bundan sonra Menemi uğursuzluq gətirən şəxs adlandırmağa başlamışdılar.
Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv öz qrupunda lider olduqdan sonra pley-off mərhələsində Kabo-Verde, Misir, İsveçrə və İngiltərəni turnirdən kənarlaşdıraraq finala yüksəlmişdi. Yığmanın kapitanı Lionel Messi isə vurduğu 8 qolla dünya çempionatının "Qızıl buts" uğrunda yarışında Kilian Mbappedən sonra ikinci yeri tutub.













