"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Finlandiya təmsilçisi "KuPS"a qarşı keçirəcəkləri qarşılaşma barədə danışıb.
Matc.az xəbər verir ki, litvalı mütəxəssis mətbuat konfransında azarkeşlərini sevindirmək istədiklərini bəyan edib:
"Ümid edirəm ki, rəqibimiz qonaqpərvərliyimizi hiss edəcək. Bizim ümüdlərimiz böyükdür. Sabahkı oyuna ən yaxşı şəkildə köklənməliyik. Azarkeşlərimiz üçün qələbə qazanmalıyıq. Buna görə əlimizdən gələni edəcəyik".
Təcrübəli çalışdırıcı komandanın avrokuboklardakı gələcək perspektivləri ilə bağlı sualları cavablandırıb:
"Hara qədər irəliləyə bilərik? Bu barədə danışmaq tezdir. Öz işimizi görməliyik. Hər şeyi meydanda sübut etməliyik. Yolumuz uzundur. İlk növbədə sabahkı görüşə köklənməliyik".
Dambrauskas rəqib komandanın daxili çempionatda oyun praktikasının olmasını belə şərh edib:
"Optimal formada olmağımız üçün nə qədər oyun lazımdır? Hər mövsüm fərqlidir. Kimin yaxşı formada olduğuı barədə danışmağın mənası yoxdur. İstədiyimiz ən yaxşı oyun planını qurmağa çalışacağıq. Rəqib pis formada olsa da, nələrinsə sayəsində meydandan qalib ayrıla bilər. Bizim üçün ən önəmli olan qarşıdan gələn matçdır".
O, komandadaxili rəqabətə toxunaraq start heyətini necə formalaşdıracağına aydınlıq gətirib:
"Əsas məqsədim komandanı qarşıdakı matça hazırlamaqdır. Kollektivdə rəqabətin olması normaldır. "11-lik" üçün ən yaxşı futbolçuları seçəcəyəm".
Xatırladaq ki, "Sabah" – "KuPS" matçı iyulun 21-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.













