Azərbaycan futbol ictimaiyyəti şokdadı! Ötənlərin “dahi” futbolçusu Əfran İsmayılovun birdən-birə vitse-prezident kimi zühur etdiyi “Şəfa” rəqiblərini qorxutmaq üçün dünyanın ən “məhsuldar” (?) oyunçularından birini heyətinə qatıb. Klubun böyük fəxrlə elan etdiyi 27 yaşlı fransalı yarımmüdafiəçi Musa Quel, özü ilə bərabər arxasında parlaq – qapqara -  bir keçmiş gətirir.
 
Musa Quelin Türkiyə karyerası haqqında oxuduqda, onun nə qədər “vazkeçilməz” olduğu dərhal göz önünə gəlir. Həmən düşünürsən ki, bu transferi Azərbaycanda ancaq əfranlar həyata keçirə bilərdi.
 
“Samsunspor”a 50 min avro qarşılığında transfer olunan bu “futbol dahisi”, “qırmızı-ağlı” formayla düz 2 matçda, cəmi 2  dəqiqə meydanda olaraq,  rekorda imza atıb! Yəqin ki, bu iki dəqiqə ərzində o, rəqib komandanı o qədər çaşdırıb ki, Əfran və ətrafı ona daha çox ehtiyac duyub.
 
Türkiyə mediasına inansaq, 2022-ci ildən bəri oyun praktikası demək olar ki, sıfıra bərabər olan oyunçunu heyətə cəlb etmək, “Şəfa” başbilənlərinin hansı “yüksək” hədəfləri olduğunu açıq-aşkar göstərir. Görünür, klub heyəti doldurmaq üçün futbolçu axtararkən statistikaya baxmağı unudub və ya “heç nə etməyən” oyunçuların daha təhlükəli olduğunu düşünüblər.
 
Klubun bu addımı, sanki “bizim büdcəmiz var, amma necə xərcləyəcəyimizi bilmirik” deməyin ən orijinal yoludu. Ümid edirik ki, Musa Quel “Şəfa”da heç olmasa, 3 dəqiqə meydanda qala bilər; axı 2 dəqiqə artıq köhnə rekorddu, yeni “uğurlar” lazımdı!
 
SAMİR
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest