Rəfiyev Riadın rəhbərlik etdiyi “Sumqayıt” Premyer Liqaya uğursuz başladı. Komanda doğma meydanda “Neftçi” ilə qarşılaşmada canını biabırçı məğlubiyyətdən zorla qurtardı – 1:3.
Əslində, hesab “Sumqayıt” üçün daha rüsvayçı ola bilərdi. Meydan sahibləri nə oyun, nə taktiki hazırlıq, nə də mübarizə baxımından “ağ-qaralar”a layiqli müqavimət göstərə bildilər. Bəxtləri onda gətirdi ki, qonaq komandanın futbolçuları bir neçə qol şansından yararlana bilmədilər.
Təbii ki, bu nəticə yerli azarkeşlərin ürəyincə olmadı. Klubun sosial şəbəkədə oyunla bağlı paylaşımının altında yazılan rəylər narazılığın miqyasını açıq şəkildə göstərdi.
Fanatların fikrincə, “Sumqayıt” rəhbərliyi şəhərin futbol ictimaiyyətini ələ salır:
“Əsas dərdiniz biletin 5 manat olması idi, bir də “Neftçi” qarşısında diz çökmək. Budur sizin oyununuz? Portuqaliyalı baş məşqçiyə və legionerlərə verdiyiniz o pulları yerli futbol məktəbinin nümayəndələrinə versəniz, daha yaxşı olar”.
Nuran Aliyev adlı istifadəçi iddia edir ki, “Sumqayıt”ın mövsümə hazırlığı sıfır səviyyəsindədi:
“Klub rəhbərliyi yenə də tez-tez məşqçiləri dəyişib, lüzumsuz transferlər edirlər”.

Fanatlardan biri, Yusif Rəsulzadə də komandanın mövsümə hazır olmadığını düşünür:
“İstər stadionun hazır olmaması, istərsə də ehtiyat oyunçuların azlığı göstərdi ki, “Sumqayıt” mövsümə hazır deyil. Portuqaliya 3-cü liqasından gələn məşqçi və oyunçuların bizim Premyer Liqada uğurlu olacağına inanmaq istəyirəm. İlk görüşdə heç bir oyun komponenti görə bilmədim. Ötürmələr sıfır. İndidən Ayxan Abbasova zəng edin ki, özünə yeni iş yeri axtarmağa tələsməsin”.

Görünən odur ki, azarkeşlərin narazılığının kökündə təkcə “Neftçi”yə məğlubiyyət dayanmır. Əsas problem komandanın meydanda nə etmək istədiyini bilməməsidi. İlk turdan sonra belə təsəvvür yaranır ki, “Sumqayıt” mövsümə hazır komanda kimi çıxmayıb.
Azarkeşdən səbir istəmək asandı, amma səbrin qarşılığında meydanda futbol göstərmək lazımdı. “Sumqayıt”ın azarkeşi forma geyinmiş 11 futbolçu yox, mübarizə aparan, məqsədi və xarakteri olan komanda görmək istəyir. İlk turda isə azarkeşə verilən əsas mesaj məhz bu oldu: komanda hələ hazır deyil, rəhbərlik isə buna hazır görünmür.
Belədə Riada sual ünvanlanır: Baş məşqçi niyə seçilib və Filipe Kandidodan konkret nə gözlənilir?
Baş məşqçi demişkən, “Sumqayıt” artıq illərdir eyni ssenari ilə idarə olunur. Təsəvvür edin ki, son beş mövsümdə komandanı beş məşqçi çalışdırıb. Nəticə də ortada. Belədə hansı uğurlu idarəçilikdən danışmaq olar?
Siz deyin, beş ildə beş məşqçi dəyişən klub rəhbərliyinin fəaliyyəti uğursuz deyilmi?
Beş ildə beş məşqçi. Beş fərqli ümid, amma eyni nəticə. “Sumqayıt” rəhbərliyinin bu siyasəti artıq Sizifin məşhur daşını xatırladır: daşı hər dəfə zirvəyə qaldırırlar, sonra isə yenidən aşağı yuvarlanır...
SAMİR













