"Sabah" Futbol Klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə komandanı təbrik edən Prezident İlham Əliyevə rəsmi sosial media hesabları vasitəsilə təşəkkür müraciəti ünvanlayıb.

Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun paylaşımında dövlət başçısının diqqət və qayğısına görə minnətdarlıq ifadə olunub:

"Möhtərəm cənab Prezident,

"Sabah" Futbol Klubunun tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsinə göstərdiyiniz yüksək diqqətə görə dərin minnətdarlığımızı bildiririk. Sizin təbrikiniz komandamız üçün bu qələbənin sevincini daha da artırdı.

Sizin Azərbaycan idmanına, o cümlədən futbolun inkişafına göstərdiyiniz davamlı diqqət və qayğınız, idman klublarının inkişafı üçün yaradılmış imkanlar bu cür tarixi nailiyyətlər üçün böyük stimul verir, məsuliyyətimizi daha da yüksəldir.

Ölkəmizi Avropanın ən mötəbər futbol turnirində layiqincə təmsil etmək, Azərbaycan futbolunun adını daha da yüksəklərə qaldırmaq üçün bundan sonra da əzmlə mübarizə aparacağıq.

Nəticə etibarilə, biz sonadək mübarizə aparmaq, qələbəyə inanmaq əzmini Sizdən öyrənirik. Azərbaycan xalqının böyük qələbələrinin yaradıcısı kimi, biz də öz gücümüzü və İLHAMımızı Sizdən alırıq.

"Sabah" Futbol Klubu adından göstərdiyiniz yüksək diqqətə görə bir daha dərin təşəkkürümüzü bildiririk".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest