"İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniya İkinci Divizionu (Sequnda) təmsilçisi "Eldense" klubunun sahibi olmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
Bildirilir ki, argentinalı ulduzun hüquqşünasları bir müddətdir Xuan Karlos Truxilyonun rəhbərlik etdiyi Kolumbiyanın TH investisiya qrupu ilə danışıqlar aparıblar. Tərəflər dünyanın ən çox titul qazanan futbolçusunun klubun səhmlərinin əksəriyyətinə sahib olması barədə prinsipial razılığa gəliblər. Müqavilənin yekunlaşması İspaniya Ali İdman Şurasının (CSD) rəsmi icazəsindən asılı olacaq.
Messi bu layihədə yeganə investor kimi çıxış edir və prosesə hər hansı digər biznes tərəfdaşı və ya sabiq futbolçu cəlb olunmayıb. Rəsmi razılaşmanın yaxın günlərdə elan ediləcəyi gözlənilir. Bununla da Lionel Messi İspaniyada peşəkar futbol klubuna sahib olan ilk argentinalı olacaq.












