Turinin "Yuventus" klubu, dizin çarpaz bağlarının zədələnməsi səbəbindən uzun müddətə sıradan çıxan qapıçısı Kamil Qrabaranı itirdikdən sonra Londonun "Arsenal" və Kataloniyanın "Barselona" klublarının keçmiş qolkiperi Netonu transfer edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Bildirilir ki, 37 yaşlı braziliyalı qapıçı turinlilərin qeyd edilən mövqeyini gücləndirmək üçün əsas namizəddir. Netonun agentləri "Yuve"yə keçməyə tam hazır olduqlarını bildiriblər, qapıçının özü isə Turinə qayıtmaqda israrlıdır.
Qeyd edək ki, braziliyalı qolkiper artıq 2015-2017-ci illərdə "Yuventus"da çıxış edib. İtaliya klubu, yay "transfer pəncərəsi"nin bağlanmasına baxmayaraq, oyunçunu heyətinə qata biləcək, çünki Neto azad agent statusundadır.













