“Real Madrid”in prezidenti Florentino Perez və “Barselona” noyabrın 25-də Madrid məhkəməsində barışdırma dinləməsinə çağırılıblar.
 
Matc.az xəbər verir ki, dinləmə Kataloniya klubunun iyunun 12-də başlatdığı hüquqi prosesin davamıdır. Mübahisəyə səbəb Florentino Perezin may ayında keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdir.
 
O, “Barselona”nın hakimlərin münasibətini öz xeyrinə yönəltməyə çalışdığını iddia edib və “Negreira işi”ni futbol tarixində ən ciddi korrupsiya hadisəsi adlandırıb. Perez, həmçinin “Real Madrid”in bəzi çempionluqlarının “oğurlandığını” bildirib.
 
“Barselona” isə bu açıqlamaları bilərəkdən yalan və böhtan hesab edir. Kataloniya klubu razılıq əldə olunmayacağı təqdirdə cinayət şikayəti verəcəyini açıqlayıb.
 
 “Barselona” Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya bağlı şirkətlərə uzun illər ərzində milyonlarla avro ödəməsi ilə bağlı işdə günahını rədd edir. Klub həmin ödənişlərin hakimlər barədə hesabatların hazırlanması xidmətinə görə edildiyini bildirir.
 
Noyabrın 13-də “Barselona B” komandasının sabiq baş məşqçisi Jerar Lopez və keçmiş nümayəndə Toni Alonso məhkəmədə bu hesabatların mövcud olduğunu və oyunlara hazırlıq zamanı istifadə edildiyini söyləyiblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest