Dortmund “Borussiya”sı “Ayntraxt”ın hücumçusu Yunus Ebnutalibin transferi ilə maraqlanır.

Matc.az xəbər verir ki, “Sport Bild” nəşrinin məlumatına görə, Dortmund təmsilçisi 23 yaşlı futbolçunun mümkün keçidini klub daxilində müzakirə edib.

Bildirilir ki, “Borussiya”nın idman direktoru Ole Buk Ebnutaliblə sıx əlaqə saxlayır. Onun yaxın əməkdaşı, 40 yaşlı mütəxəssisi “Elversberq”dən Dortmund klubuna qədər müşayiət edən David Blaşa da futbolçu ilə mütəmadi ünsiyyətdədir.

Bununla belə, transferlə bağlı hələlik konkret addım atılmayıb. Dortmund klubu hücumçunun inkişafını və “Ayntraxt”da müntəzəm qol vurmasını izləyir. Ebnutalibin bu tempini qoruyacağı təqdirdə, gələcəkdə komandanın əsas hücumçularından biri ola biləcəyi düşünülür.

Məlumata əsasən, futbolçunun Frankfurt təmsilçisindəki gələcəyi də sual altındadır. “Ayntraxt” rəhbərliyi 2031-ci ilin yayına qədər müqaviləsi olan hücumçunun sözləşməsinə yenidən baxmaq və illik 1,2 milyon avro təşkil edən əsas maaşını artırmaq istəyib. Lakin indiyədək bu istiqamətdə konkret razılıq əldə olunmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest