"Neftçi" – "Qarabağ" oyunu Azərbaycan futbolunun maksimum səviyyəsi idi. çünki ölkənin ən güclü iki komandası üz-üzə gəlirdi.

Yorğunluq, gərginlik fonunda fərqli heyət

"Neftçi"dən fərqli, bir neçə gün əvvəl avrokubok matçına çıxan və üzücü məğlubiyyət alan "Qarabağ"da hər şey heç də ideal deyildi. Bir tərəfdən fiziki yorğunluq, bir tərəfdən psixoloji gərginlik, bir tərəfdən də kənar təzyiqlər təkcə futbolçuları yox, Qurban Qurbanovu da yormuşdu. Düzdü, baş məşqçi bunu nəzərə alaraq, heyətdə ciddi dəyişikliklərə əl atmışdı. Ancaq hadisələri qabaqlayıb demək lazımdı ki, bu addım üçün uğurlu zaman deyildi. Baş məşqçi Vaqner da Silva, Rəşad Sadıqov, Maksim Medvedev, Miçel və Abdullah Zubir kimi aparıcı futbolçuları yanında saxlamışdı. İlk baxışdan "Qarabağ"ın 4-5-1 sxemində oynadığını düşünmək olar. Ancaq Mahir Mədətovla Dzon Delarj tipik cinah yarımmüdafiəçisi yox, vinger olduğundan, ağdamlıların 4-3-3-lə mübarizə apardıqları görünürdü. "11-lik"dəki oyunçuların heç biri fərqli mövqedə çıxış etmirdi.

Ağıllı gediş

"Neftçi"də isə Roberto Bordin fərqli sistemə üstünlük vermişdi. İtaliyalı mütəxəssis 4-3-3-ü sürpriz şəkildə 5-4-1-ə dəyişmişdi. Oyunun gedişi Bordini tam haqlı çıxardı və onun rəqibi necə gözəl təhlil etdiyini göstərdi. Müdafiənin mərkəzində Kiril Petrova Anton Krivotsyuk-Slavko Braliç cütlüyü kömək etməli, Məhəmməd Mirzəbəyov sol, ömər Buludov isə sağ "bek" funksiyasını yerinə yetirməli idilər. Baş məşqçinin maraqlı adımdı orta sahədə cəmi 2 nəfərlə - Soni Mustivar və Emin Mahmudovla kifayətlənməsi idi. Cinahlardakı Baqali Dabo və Dario Federiko hücum zamanı insayd mövqeyində oynamalı, müdafiə olunarkən isə cinahların bağlanmasına yardımçı olmalı idilər. Bordin ortanı nisbətən boş buraxmaqla rəqibə məhz ordan hücum qurmağı təklif etmişdi. çünki "Qarabağ"ın əsas gücünün cinahlar, xüsusən də, Vild-Donald Geryenin yer aldığı sol tərəf olduğunu bilirdi. Məhz bu taktiki gediş "Neftçi"ni qələbəyə daşıdı. Bakılıların 5-4-1 sistemini rəqib hücum edərkən görmək mümkün idi. Topa sahib olduqda isə ev sahibləri 4-3-3-ə keçirdilər. Komanda sağdan hücum edəndə Buludov, soldan irəli atılanda isə Mirzəbəyov yarımmüdafiəçi mövqeyinə keçirdi. Hər iki "bek" eyni anda hücuma atılmırdı, komanda bir cinahdan gedəndə digəri yerində qalaraq, müdafiəni 4-lü edirdi. Belədə Dario ilə Dabo avtomatik olaraq cinah hücumçusuna çevrilirdi.

"Neftçi" üçün qüsursuz 45 dəqiqə

İlk dəqiqələrdən nəzarəti qonaqlara verən "Neftçi" əks-hücumla öndəki "üçlüy"ün fərdi bacarığına bel bağladı. Xüsusən də, Geryenin irəlidə qalması Darioya boş dəhliz verirdi. İlk 10 dəqiqənin tamamında da paytaxt təmsilçisi məhz bu boşluqdan məharətlə yararlandı. Uzun ötürmə zamanı Yakub Jezniçak əvvəlcə Mirabdulla Abbasova "ikinci mərtəbə"də uduzdu, dərhal Geryenin boş buraxdığı mövqeyə qaçaraq Darioya mane olmağa çalışdı. Lakin braziliyalı bir epizodda düz iki dəfə müdafiəçidən sıyrılaraq, erkən qolun vurulmasına şərait yaratdı. Xüsusən də, ikinci driblinq cəhdi zamanı Dario "play station"dakı kimi, sanki Jezniçakın içindən keçdi. Əks cinahda gecikən Abbas Hüseynov isə Mirabdullanın fərqlənməməsi üçün özü topu qapıdan keçirdi. Qoldan sonra planlaşdırılmamış əvəzləmə də "Neftçi"nin oyununa təsir etmədi. Sürpriz şəkildə ehtiyatda başlayan Tural Axundov zədələnən Mirzəbəyovu əvəzlədi. Hər iki komandada futbolçuların sərt müdaxilələri də gərginliyi azaltmırdı. "Qarabağ" bərabərlik qolu üçün bütünlüklə irəlidə pressinq etdiyi anda ikinci dəfə mərkəzə dəvət olundu. Bu dəfə sürətli əks-hücum sol cinahdan quruldu. Dario ilə Dabo az qala öz qapıları qarşısından paslaşaraq rəqibin cərimə meydanına qədər irəlilədi. Bu dəfə Mirabdullaya məhsuldar ötürməni Dabo versə də, Darionun qolda əməyi, bəlkə də, ondan çox idi. Təbii ki, Abbasın geri qayıtmağa cəhd belə etməməsi, Bədavinin gecikməsi və Yakubun ofsaydı pozması rəqibin çörəyinə yağ sürtdü.

"Qanadları qırılan" "Qarabağ"ın...

Artıq 2 top fərqi ilə geri düşən "Qarabağ" tələssə də, rəqibin etibarlı müdafiəsi qarşısında çarəsiz idi. Belədə ümid qalırdı uzaq məsafədən zərbələrə və standart vəziyyətlərə. 5 dəqiqəlik bir müddətdə Qara Qarayevin uzaqdan təhlükəli zərbəsi və kornerdən sonra Simeon Slavçevin başla tirə tuşladığı zərbə Səlahət Ağayev üçün ilk ciddi siqnallar idi. "Qarabağ"ın birinci hissədə başqa təhlükəli həmləsi olmadı. Riçard Almeydanın boşluğunun dolmaması komandanın orta sahəsini o qədər zəiflədib ki, düşünülmüş hücum qurmaq belə, müşkülə çevrilir. "Neftçi" ağıllı oyunla rəqibin "qanadlarını qırmışdı". Mahir və Delarjı cinahlarda zərərsizləşdirmək çətin deyildi. Abbasın irəli çıxmasına imkan verməyən Dabo və Gerye-Delarj cütlüyünün qarşısını səhvsiz alan Braliç-Buludov-Mustivar "trio"sunun rolunu xüsusi vurğulamaq lazımdı. İnnosent Emeqara isə ələ düşən azsaylı imkanlar zamanı rəqib müdafiəçilərdən çox özü özünə maneçilik törədirdi.

... Nəticəsiz qalan əvəzləmələri

"Qarabağ"da ikinci hissənin əvvəllərində dəyişikliklər bir-birini əvəzlədi. Artıq 60-cı dəqiqəyə qədər hər üç dəyişiklikdən istifadə olunmuşdu. Darionun qarşısında aciz qalan Jezniçakın yerinə Rəşad, "dişsiz" görünən Emeqaranın əvəzinə Zubir oyuna qoşulmuşdusa, Miçel də orta sahəni gücləndirməli idi. Belədə Mədətov hücumun mərkəzinə keçməli oldu. Əsas tapşırığı yerinə yetirən "Neftçi"yə ikinci hissədə qapının toxunulmazlığını qorumaq qalmışdı. Bu dəfə bütünlüklə geri çəkilən bakılılar yenə Səlahətin önündə divar "hörmüşdü". Bordinin yetirmələrini əks-hücum da artıq maraqlandırmırdı. "Qarabağ" isə qapanan rəqibi yalnız standart vəziyyətlər və uzaqdan zərbələrlə cəzalandıra bilərdi. Hətta Zubirin matça fəal qoşulması da bir nəticə vermirdi. 74-cü dəqiqədə Mirabdullanın yerinə Namiq Ələsgərovun meydana girməsi Dabonun hücumun mərkəzinə keçməsinə şərait yaratdı. "Qarabağ" ikinci hissədə ilk real qol vəziyyətini yalnız 85-ci dəqiqədə yarada bildi. Onda da cərimə meydanı daxilində yalnız ikinci cəhddə toru silkələmək mümkün oldu. Bu hücumda topun iki dəfə müdafiəçilərə dəyməsi də hücumun kəsərinin artmasına müəyyən dərəcədə kömək etdi. "Qarabağ"ın bərabərlik qolu üçün bütün qüvvə ilə irəli atılmasına imkan olmadı. çünki cəmi 2 dəqiqə sonra Dabo hər şeyə son qoydu. Qolda Rəşad Sadıqovu ustalıqla keçən və ideal ötürmə verən Namiq Ələsgərovun əməyi fransalıdan daha çox idi. Bu topda da Abbasın gecikməsini vurğulamaq lazımdı.

Beləliklə, Roberto Bordinin ağıllı taktiki gedişi və futbolçuların bunu meydanda, demək olar ki, qüsursuz icra etməsi "Neftçi"yə çempionluq yolunda önəmli qalibiyyət qazandırdı.

Ruslan SADIQOV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest