Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, toplantıda Azərbaaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar verilib:

“Zirə” ilə oyunda 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” 700 manat cərimə edilib. “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal kubokda ilk dəfə yaşandığına görə "ağ-qaralar" 2000 manat ziyana düşüb. Paytaxt təmsilçisi daha 5000 manat da cərimələnib. Buna səbəb azarkeşlər tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsidir.

“İmişli” – “Sabah” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəməli olacaq.

Həmin qarşılaşmada Masazır təmsilçisinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimələnib.

“Qarabağ” – “Karvan-Yevlax” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün yevlaxlılar 700 manat cərimə edilib.

“Sumqayıt”la oyunun 83-cü dəqiqəsində “Difai” komandasının 77 nömrəli futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat ziyana düşüb.

“Araz-Naxçıvan” – “Kəpəz” oyununda Gəncə təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest