27 İyul 2019, 10:26
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın və "Qəbələ" İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. Matc.az xəbər verir ki, idmançı İordaniyanın paytaxtı Ammanda keçirilən beynəlxalq turnirdə fərqlənib.
O, dünən start götürən G1 kateqoriyalı "El-Hassan Cup" turnirində mübarizə aparıb. 68 kq çəki dərəcəsində çıxış edən Cavad ilk mərhələdən azad olub. Ardınca Oman, İordaniya və BƏƏ-dən olan rəqiblərinə qalib gələn Ağayev finala yüksəlib. Həlledici görüşdə Livan təmsilçisi Obalda Fərəc ilə görüşən taekvondoçumuz ardıcıl 4-cü qələbəsini qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, millimizin digər üzvü Milad Beigi Harçeqani (80 kq) də bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.