İtaliyanın əfsanəvi qapıçısı Canluici Buffon Pyaçensa şəhərindəki özəl Markoni İnstitutuna daxil olub.

Matc.az xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Bildirilir ki, Buffon mühasibatlıq ixtisası üzrə təhsil alacaq. Əfsanəvi qolkiper bu addımı ilə gənclik illərində etdiyi səhvə görə öz vicdanı qarşısında bəraət qazanmaq istəyir.

Belə ki, o, 1996-cı ildə saxta mühasib diplomu satın alıb. Sonradan bu fırıldağın üstü açılıb və həmin vaxt 18 yaşı olan qapıçı 3 min avro məbləğində cərimələnib. İndi isə 2006-cı ilin dünya çempionu həmin diplomu qanuni yolla əldə etmək qərarına gəlib.

"Həyatımda az səhv etməmişəm. Bunlardan biri də diplom satın almaq olub ki, bununla heç də fəxr etmirəm. Keçmişə qayıda bilsəydim, bir daha bu addımı atmazdım. Mən asan yolu seçdim və bu, tamamilə yanlış idi", – deyə qapıçı bildirib.

Qeyd edək ki, Buffon bu ilin aprel ayında İtaliya milli komandasının nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest