Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət yığma komandasının baş məşqçisi Məmməd Abdullayev Ukraynanın Xarkov şəhərində təşkil edilən və millimizin də dəvətli olduğu təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, o, hazırlıq prosesindən razılığını bildirib: 
 
"Təlim-məşq toplanışında iştirak etməkdən məmnunuq və düşünürəm ki, iştirak edən digər komandalara da fayda gətirəcək. Ukrayna komandası ilə uzun müddətdi dostuq münasibətimiz var. Hər il "Ukraina Open Cup" turnirinə qatılırıq, yaxşı məşqçiləri var və bizi hər zaman isti qarşılayırlar. Ukrayna və Azərbaycan yığma komandalarında Avropa və dünya birinciliyində uğurla mübarizə aparan yaxşı idmançılar var. İdmançılar təcrübə qazanmaq üçün digər ölkələrin rəqibləri ilə işləməlidilər. Bu, onlar üçün çox faydalıdı. Komandamızda Avropa çempionu, dünya mükafatçısı var. Ukrayna komandasında da idmançılarımızın yarışlarda qarşılaşdıqları çempionlar var. Qarşımızda gənclər arasında Avropa birinciliyi var və düşünürəm ki, birgə təlim-məşqlər qızıl medal qazanmağımıza kömək edəcək".
 
Xatırladaq ki, avqustun 20-də startı verilmiş məşqlərdə Ukrayna və Azərbaycan millisindən başqa, Latviya, çexiya, Estoniya təmsilçiləri də iştirak edir. Məşqlərə avqustun 30-da yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest