Yaponiyanın paytaxtı Tokioda təşkil olunan cüdo üzrə dünya çempionatı davam edir. Matc.az saytının xəbərinə görə, yarışların üçüncü günü mübarizəyə Azərbaycanın daha 3 - 2 kişi və 1 xanım idmançısı qoşulub. Millimiz daha çox bu gün xalça üzərinə çıxan kişi cüdoçulara ümid bəsləyirdi. Eyni çəkidə mübarizə aparan idmançılarımızdan Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala yiyələnib.
Kişilər, 73 kq
Bu çəkidə 2 həmyerlimiz mübarizə aparıb. Birinci mərhələdən azad olan Rüstəm Orucov ardıcıl olaraq Vadzim Şoka (Belarus), Georgios Markaryan (Yunanıstan) və Konstantin Qabuna (Kanada) qalib gələrək, 1/4 finala adlayıb. O, yarımfinal yolundakı rəqibi Tohar Butbula (İsrail ) da heç bir şans verməyib.
Hidayət Heydərov da yarışa uğurlu start götürüb. O da Orucov kimi, ilk mərhələdən azad olub. Müvafiq olaraq Friqyes Zabo (Macarıstan) və Musa Moquşkovu (Rusiya) üstələyən idmançımız 1/8 finala yüksəlib. Onun bu mərhələdəki qurbanı da Erik Ham (Böyük Britaniya) olub. Heydərov 1/4 finalda Behruzi Xocazodaya (Tacikistan) da eyni aqibəti yaşadıb. Yarımfinal mərhələsində Azərbaycan dueli baş tutub. Belə ki, Rüstəm Orucovla Hidayət Heydərov finala vəsiqə uğrunda üz-üzə gəlib. Rəqibinə qalib gələn Rüstəm həlledici görüşə yüksəlib. Ancaq Orucov "qızıl" uğrundakı rəqibi yaponiyalı Şohei Onoya yenilərək, gümüş medalla kifayətlənib.
Heydərov isə "bürünc" qazanmağa müvəffəq olub. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Somon Mahmadbekovu (Tacikistan) üstələyib.
Qadınlar, 57 kq
Təmsilçimiz İçinxorloo Munxtsedev ilk cəhdindəcə yenilərək, mübarizəni dayandırıb. O, panamalı Miryam Roper önündə aciz qalıb.
Qeyd edək ki, mundiala 16 idmançı ilə qatılan millimizin üzvlərindən Davud Məmmədsoy, Nicat Şıxəlizadə, Gültac Məmmədəliyeva, Larisa Florian, Aişə Qurbanlı və Leyla Əliyeva mübarizəni dayandırıb.