Azərbaycan milli komandası sentyabrın 6-da Yaponiyanın paytaxtı Tokioda start götürəcək Karate1 Premyer Liqa turnirinə yollanıb. Matc.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 10 idmançı var. 
 
Məşqçilərdən kumite üzrə kişilərin baş məşqçisi Bahəddin Kandaz, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov, eləcə də beynəlxalq dərəcəli hakim Cahangir Babayev komanda ilə birgədir.
 
Məşqçilər heyəti Premyer Liqanın Yaponiya mərhələsində 9 kişi və 1 qadın idmançının iştrakını məqbul sayıb. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də İrina Zaretska (68 kq) kumitedə, Roman Heydərov isə kata yarışlarında çıxış edəcək. Yarış 3 gün davam edəcək.
 
Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) Karate1 Seriyasından Premyer Liqa turnirlərinin 5-ci mərhələsində 79 ölkədən 649 idmançı mübarizə aparacaq. Movsümün sonunadək Liqanın Moskva (4 - 6 oktyabr) və Madrid (29 noyabr - 1 dekabr) mərhələləri də olacaq. Premyer Liqada hər qələbəyə və medal əyarına görə həm beynəlxalq, həm də olimpiya reytinq xalları hesablanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest