Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Yay Olimpiya Oyunlarında çəki dərəcələrində edilən dəyişiklikləri təsdiqləyib. Matç.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, bu, AİBA-nın Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində rəsmiləşib.

Belə ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından başlayaraq, kişi boksçular 10 deyil, 8 çəki dərəcəsində mübarizə aparacaqlar. Dəyişikliyə əsasən idmançılar Olimpiadada 52 kq, 57 kq, 63 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq və +91 kq çəki dərəcələri üzrə medalçıları müəyyənləşdirəcəklər. Oyunlarda 214 kişi boksçu qüvvəsini sınayacaq. Bunlardan 32-si Dünya Boks Seriyasının (WSB) 9-cu və 10-cu mövsümlərinin yekuna əsasən dəqiqləşəcək. 

Kişi boksçuların çəki dərəcələrində azalmanın əvəzinə qadın idmançıların sayında artım olub. Artıq Tokio-2020-dən etibarən xanımlar 3 deyil, 5 çəki dərəcəsi üzrə rinqə çıxacaqlar. Onlar 51 kq, 60 kq və 75 kq ilə yanaşı, 57 kq və 69 kq çəki dərəcələrində də yarışacaqlar. Olimpiadada 72 qadın boksçu iştirak edəcək.

Həmçinin, peşəkar boksçuların da Oyunlarda iştirakına limit tətbiq olunub. Təsnifat mərhələsində iştirak üçün onların hesabında 15-dən artıq peşəkar döyüş olmamalıdır. 

Qeyd edək ki, kişi boksçuların 49 kq və 60 kq çəki dərəcələri ləğv olub. 56 kq 57-yə qaldırıldığı halda, 64 kq 63-ə endirilib. Konqres işinə bu gün yekun vuracaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest