Bu gün Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcək sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutub. Matc.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev də hazırlıq prosesini izləyib. 
 
Məşqdən sonra güləşçilərə uğurlar arzulayan və heyəti açıqlayan AGF-nin rəhbəri brifinqdə bunları deyib:  
 
"Bildiyiniz kimi, Tokio Olimpiadasında güləşdə hər çəkidə iştirakçı sayı 21-dən 16-ya salınıb. Bu üzdən lisenziya uğrunda gərgin mübarizə gedəcək. Komandalarımız kifayət qədər hazırlıqlıdır. Hesab edirəm ki, Nur-Sultanda əksər lisenziyaları əldə edəcəyik. Dünya çempionatı ərəfəsində müəyyən problemlərlə üzləşdik. Nurməhəmməd Hacıyev (97 kq) zədələndi. Şərif Şərifovun 92 kq-da güləşməsini planlaşdırırdıq. Ancaq Hacıyevin zədələnməsi səbəbindən Şərifov 97 kq-da çıxış edəcək. Bütün çətinliklərə baxmayaraq, mümkün 18 lisenziyadan ən azı yarısını dünya çempionatında qazanacağımızı düşünürəm. İnşallah, medallarımız da çox olar. Kifayət qədər təcrübəli güləşçilərimiz var. Dünya və Avropa çempionlarımız Qazaxıstanda mübarizə aparacaq. Əsas məqsədimiz Olimpiadaya lisenziyaları qazanmaqdır. Olimpiya Oyunlarına 1 ildən az vaxt qalıb. Ona görə də Tokio-2020-yə hazırlaşmaq lazımdır.
 
Toğrul Əsgərovun zədəsi olsa da, məşqlərdə iştirak edir. İlin sonuna kimi bir neçə turnir var ki, həmin yarışlarda olimpiya çempionumuzu sınaqdan keçirəcəyik. Vəziyyəti ilə tanış olacağıq. Gələn il Avropa çempionatında da güləşməsi nəzərdə tutulub. Ondan sonra onunla bağlı qərar verəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest