özbəkistanlı Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti seçilib. Matç.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, qurumun Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində onun yeganə rəqibi AİBA-nın qazaxıstanlı vitse-prezidenti Serik Konakbayev olub.
Bu ilin yanvarından prezident vəzifələrini icra edən Rəhimov seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək.
Konqresdə ölkəmiz Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərovla təmsil olunub.
ABF-in vitse-prezidenti S. Mikayılov növbəti 4 il üçün AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. O, ardıcıl üçüncü dəfə ölkəmizi beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.
Qeyd edək ki, İcraiyyə Komitəsinin AİBA-ya üzv olan 205 ölkədən 14 üzvü var.