Millətlər Liqasının noyabrda keçiriləcək oyunlarının FİFA reytinqinə nə dərəcədə təsir edəcəyi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, ayın 17-də evdə Farer adaları, 3 gün sonra səfərdə Kosovo ilə qarşılaşacaq Azərbaycan millisinin də perspektivi bəlli olub.
Hazırda Qurban Qurbanovun yetirmələri 1207 xalla dünyanın 107-ci komandasıdı. Qarşıdakı iki oyunun nəticəsi həm mövqe, həm xal baxımından önəmlidi.
Əgər yığmamız iki qələbə qazansa, hesabımızdakı xal 1221-ə çatacaq. Bu da maksimum 8 pillə irəliləmək imkanıdı. Təbii ki, millimizi qabaqlayan yığmalar büdrəməlidi.
Sərfəli nəticələr sayəsində Keniya, Liviya, Mavritaniya, Haiti, Vyetnam, Ermənistan, Madaqaskar, Fələstini keçmək mümkün olacaq. Bir sözlə, millimiz ilk "100-lüy"ə daxil olmaq şanslarına malikdi.
İki məğlubiyyət isə noyabrın 29-dakı siyahıda aktivimizdəki xal sayını 1189-a qədər azaldacaq. Bu da 7 ölkə üçün irəliləmək, millimizi keçmək imkanı yaradacaq. Əgər Niger, Namibiya, KXDR, Zimbabve, İordaniya, MAR, Bəhreyn bundan yararlansa, komandamızı keçəcək.