“Estudiantes” penaltilər seriyasında “Flamenqo”ya qalib gələrək Libertadores Kubokunun finalına vəsiqə qazanıb. Matc.az xəbər verir ki, argentinalıların qələbəsində əsas pay sahibi rəqibin üç penalti zərbəsini dəf edən 40 yaşlı uruqvaylı qapıçı Fernando Muslera olub.
Rio-de-Janeyroda keçirilən yarımfinal mərhələsinin cavab qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb. Komandalar arasında Argentinada keçirilən ilk oyun da 0:0 hesabı ilə yekunlaşmışdı.
Qalibi müəyyənləşdirmək üçün keçirilən penaltilər seriyasında Muslera Jorjinyo, Lukas Paketa və Bruno Enrikenin zərbələrini dəf edib. Nəticədə, “Estudiantes” rəqibini 3:2 hesabı ilə məğlub edərək turnirin finalına yüksəlib.
Finalda Argentina təmsilçisinin rəqibi digər Braziliya klubu “Palmeyras” olacaq.













