Yarışın ikinci günündə daha 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan üçü təsnifat, ikisi isə 1/8 finaldan çıxışına başlayıb.
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatına start verilib. Matç.az saytı xəbər verir ki, ilk yarış günündə Azərbaycan yunan-Roma güləşçilərindən ikisi mübarizəyə başlayıb.
Ramiz Məmmədov 1/8 finalda macar rəqibinə elə ilk hissədə qalib gəlməyi bacarıb. Lakin o, 1/4 finalda gərgin mübarizə şəraitində keçən görüşdə iranlıya uduzub. Rəqibi finaladək irəliləyə bilmədiyindən, Məmmədov təsəlliverici görüşlərə qatılma şanslarını itirib.
İslam Abbasov da 1/8 final mərhələsini rahat keçib. O, Yaponiya təmsilçisini ilk hissədə məğlub edib. Növbəti görüş isə ağır keçib. Bununla belə, Abbasov gürcüstanlı güləşçinin də öhdəsindən gələrək adını yarımfinala yazdırıb. Lakin ağır çəkili pəhləvan finala yüksələ bilməyib. Ukraynalı rəqibi ilə görüşdə uduzan Abasov bu gün bürünc medal uğrunda görüşdə Misir təmsilçisi ilə üz-üzə gəlib. İlk hissəni 0:3 hesabı ilə geridə başa vuran azərbaycanlı pəhləvan ikinci hissədə əzmkarlıq nümayiş etdirib və sona yarım dəqiqə qalmış hesabı bərabərləşdirib. Beləliklə, sonuncu xal prinsipinə əsasən, Abbasov ötən ilki dünya çempionatında olduğu kimi, yenə bürünc medal qazanıb.
Yarışın ikinci günündə daha 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan üçü təsnifat, ikisi isə 1/8 finaldan çıxışına başlayıb.
Murad Məmmədov ilk mərhələdə özbəkistan idmançısına rahat qalib gəlib. Pəhləvanımız qırğız rəqibini də yolundan kənarlaşdırıb. Məmmədovun 1/4 finalda gürcü güləşçiylə görüşü gərgin mübarizə şəraitində keçib. Əzmkarlıq nümayiş etdirən Murad yarımfinala yüksəlib. Pəhləvanımız bu mərhələdə türk güləşçiyə də gücünü göstərərək, finala vəsiqə qazanıb. Murad noyabrın 14-də axşam seansında Yaponiya təmsilçisi ilə qızıl medal uğrunda mübarizə aparacaq.
Kərim Cəfərov təsnifat mərhələsində amerikalı rəqibini fasiləyə qədər məğlub edib. Güləşçimiz yapon həmkarını da vaxtından əvvəl üstələyib. Cəfərov qazaxıstanlı rəqibiylə gərgin keçən görüşdən də qalib ayrılaraq, adını yarımfinala yazdırıb. Kərim macar rəqibinə də heç bir şans verməyib və finala çıxan ikinci güləşçimiz olub. Cəfərov noyabrın 14-də həlledici qarşılaşmada misirli idmançıyla münasibətləri aydınlaşdıracaq.
İslambek Dadov üçün start uğurlu alınmayıb. Təmsilçimiz 1/8 finalda Türkiyə pəhləvanına yenilib.
Eltun Vəzirzadə dünya çempionatına qələbəylə başlamaq imkanı əldə edib. özbəkistan güləşçisiylə qarşılaşmanın son saniyələrinə 5:4 öndə daxil olan yığma üzvü xalçadan kənara çıxdığı üçün sona 3 saniyə qalmış hesabda geri düşüb və uduzub.
Orxan Nuriyev debütdə macar rəqibinə müqavimət göstərə bilməyib.