Dünən "Neftçi"nin rəsmi saytı Müşahidə Şurasının növbəti iclası keçirilməsi barədə məlumat yayıb. Xəbərdə bildirilib ki, toplantıda əsas komandanın 2019-20 mövsümünün ilk yarısındakı nəticələri və klubun fəaliyyəti müzakirə olunub.

Klubdakı fəaliyyətə müsbət rəy verilsə də, əsas komandanın çıxışı, xüsusilə "Sumqayıt"a uduzaraq ¼ final mərhələsində Azərbaycan kubokundan kənarda qalması qənaətbəxş hesab edilməyib.

Müşahidə Şurasının üzvləri icra orqanına fikirlərini bildirib, məşqçi və futbolçu heyəti ilə bağlı iradlarını çatdırıblar. Əsas komandanın qarşısına növbəti iki dövrədə maksimum nəticə qazanmaq tələbi qoyulub.

Aydındır ki, klubun mətbuat xidməti aysberqin görünən tərəfini ictimaiyyətə çatdırıb. özlərinə lazım olan qədər. Bağlı olmayan qapılar arxasında aparılan müzakirələrin əsli və ona gətirib çıxaran hadisələr yenə də "Neftçi"sevərlərdən gizli saxlanılıb.

Deməli, Roberto Bordin raport verməsi üçün SOCAR-a dəvət olunub. Burada isə neft şirkətinin kluba məsul şəxsləri baş məşqçiylə bir araya gəlib, ona müxtəlif suallar ünvanlayıb.

İtalyan mütəxəssis komandanın uğursuz çıxışında özünü təqsirli saymayıb. Bordin bildirib ki, mövcud heyəti yığmayıb, istəmədiyi futbolçular ötən yay transfer olunub.

O, bir daha xatırladıb ki, adını qeyd etdiyi legionerlərlə müqavilə imzalanmayıb, bu azmış kimi, rəhbərlik addımbaşı onun işinə qarışır.

çalışdırıcı özünün formalaşdırmadığı komandayla işləmək məcburiyyətində olduğunu və hər şeyə rəğmən, vəzifəsindən istefa vermək barədə düşünmdəiyini deyib.

Bordin çempionluq uğrunda yarışda "Qarabağ"ı qabaqlamağın çətin olduğunu gizlətməyib və əlavə eləyib ki, ondan qızıl medal istəmək üçün reallıq hissini itirmək lazımdır.

Baş məşqçidən sonra klub rəsmiləri SOCAR-a çağırılıb. Prezident Kamran Quliyev başda olmaqla, hamısını ağ yuyub, qara səriblər.

Onların diqqətinə çatdırılıb ki, "Neftçi"yə yetərincə büdcə ayrılıb, lakin həm yanlış transferlər, həm də Bordinlə idarəçilər arasında münasibətlərin qopması nəticələrin pisləşməsinə gətirib çıxarıb.

Paytaxt təmsilçisinin nümayəndələrindən tələb edilib ki, çəkişmələrə son qoysunlar, komandanın daxilinə sirayət etmiş problemləri ən qısa zamanda aradan qaldırsınlar. sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest