13 May 2025, 11:55
FUTBOL
Aleksey Baqanın “Sumqayıt”a qayıdacağını hələ ötən ilin sonunda yazmışdıq. Klub prezidenti Riad Rəfiyev Samir Abbasovun gedişindən sonra belaruslu məşqçi ilə danışıqları bərpa etmişdi.
O vaxt Baqanın gəlişi mümkün olmadı, müvəqqəti baş məşqçi Vaqif Cavadov isə ilk turlarda yaxşı nəticələrə imza atmaqla təyinatı yubatdı. Amma Rəfiyev arzusuna indi çatır. Son nəticələrdən sonra Cavadovun qovulmasına görə hər hansı təzyiq yoxdur və menecer-prezident transfer əməliyyatlarında susdura biləcəyi birini vakant posta əyləşdirir.
Ayxan Abbasov, Samir Abasov dəlisov məşqçilər idi, onlara nəyisə diktə edə bilmirdi. Bunun sayəsində onların zamanında komandanın nəticələri daha yaxşı idi. Həm Baqa, həm də Cavadov sözəbaxan, eyni zamanda uğursuz oldular. Amma keçmiş uğurları Baqaya qalxandır deyə növbəti dəfə onu Sumqayıta çağırmaq mümkün olub.
Baqanın gəlişinə icazə verilib-verilməyəcəyini bilmirik. Bircə o dəqiqdir ki, ilk dönəmi uğursuzluqla bitən belarusluya növbəti dəfə güvəniləcəksə, ortada hansısa maraqlar var. Yoxsa ki, bərbad nəticələrə görə qovulmuş biri niyə geri qaytarılsın ki? Rəfiyevin şəxsi maraqlarına xidmət edən plan varsa…
Aleksey Baqa “Sumqayıt”dakı ilk dönəmində komandanı 23 matça çıxarmışdı. Bu müddətdə cəmi 2 qələbə qazanan “kimyaçılar” 8 heç-heçə, 13 məğlubiyyət görmüşdü.
Vaqif Cavadov isə bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb. Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
Maraqlıdır, zəif nəticələrə görə 2 illik müqaviləsi ləğv edilən Cavadov uğursuzdursa, 23 matçda cəmi 2 qələbəsi olan Baqanın göstərcilərinə nə ad verək? 44 yaşlı çalışdırıcını geri qaytarmaqda hansı şəxsi maraqlar var? Bir ildir heç kimə lazım olmayan belaruslu ilə Rəfiyevi bir-birinə aşiq edən səbəblər hansılardır? futbolinfo.az