Farer adaları ilə Millətlər Liqasının bu gün keçiriləcək oyunu Azərbaycan millisinin tarixində 245-ci görüş olacaq. Matç.az saytı xəbər verir ki, ilk rəsmi görüşünü 1992-ci il sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən millimiz indiyədək 244 oyuna çıxıb.

Yığmamız 26 ildə 47 qələbə qazanıb. Hesabında 67 heç-heçə olan milli 130 dəfə azarkeşlərini məyus edib. Futbolçularımız bu görüşlərdə 182 qol vurub, əvəzində 408-ni buraxıb.

Qarşıdakı matç komandamızın rəsmi yarışlarda 123-cü sınağıdı. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, həmçinin Millətlər Liqasında ümumilikdə 122 görüş baş tutub. Cəmi 14 qələbəsi olan yığma 26 dəfə bərabərliklə kifayətlənib və 82 dəfə uduzub. 70 qol vuran futbolçularımız 253-nü buraxıb.

Azərbaycan millisi tarixində 87-ci ev oyununu keçirəcək. Evdə 23 qələbəsi olan yığmamız 26 heç-heçə edib və 37 dəfə uduzub. Top fərqi qonaqların xeyrinədi – 76:103.

Bu, rəsmi xarakterli turnirlərdə - dünya və qitə çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 62-ci ev oyunudu. Əvvəlki 61 görüşdə 11 qələbə və 17 heç-heçəsi olan yığmamız 33 dəfə uduzub. 46 qol vuran futbolçularımız 86-nı buraxıb.

Baş məşqçisi Qurban Qurbanov 11-ci dəfə millini meydana çıxaracaq. Bu, həm də komandamızın 2018-ci ildə 11-ci sınağıdı. Qurbanovlu komandamız əvvəlki 10 dueldə 3 dəfə qalib gəlib, 5 heç-heçə edib və yalnız 2 dəfə uduzub. 12 qol vuran yığmamız öz qapısından 8-ni buraxıb.

Onun yetirmələri 4 rəsmi matçda uduzmayıb. Millətlər Liqasında 1 qələbə və 3 heç-heçəsi olan milli top fərqində də öndədi – 5:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest