"Əsas öz oyunumuzu fikirləşirik. Bildiyiniz kimi, Kosovoyla səfərdə çətin matçımız qalıb. Öz oyunumuza köklənib yaxşı nəticə qazana bilərik".
"Milli komandaya dəvət alırıqsa, oynamağa hazırıq. İlk hissənin sonlarında mənə dedilər ki, meydana çıxmağa hazırlaş. Mən də isinmə hərəkətləri etməyə başladım və fasilədən dərhal sonra qapıda yerimi tutdim. Rəqib məni çox narahat etmədi. Qələbə qazanmışıqsa, əlbəttə, baş məşqçimiz razı qalıb". Matç.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev Millətlər Liqasının V turunda Farer adalarını evdə 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonrakı açıqlamasında bildirib.
Səlahət fasilədən sonra əvəzlədiyi əsas qapıçı Kamran Ağayevin son durumundan məlumatsız olduğunu söyləyib: "Oyundan yeni çıxmışam. Kamranın zədəsinin nə dərəcədə ciddi olduğunu bilmirəm. Ancaq ayağında ağrılar var idi. Yığmaya dəvət alırıqsa, mən də, Emil Balayev də hər an oynamağa hazır olmalıyıq".
Ağayevin sözlərinə görə, Kosovonun səfərdə Maltaya 5:0 hesabı ilə qalib gəlməsinin fərqinə varmayıblar: "Əsas öz oyunumuzu fikirləşirik. Bildiyiniz kimi, Kosovoyla səfərdə çətin matçımız qalıb. öz oyunumuza köklənib yaxşı nəticə qazana bilərik. İnşallah, əlimizdən gələni edərək qələbəyə nail ola bilərik. Başqa yolumuz yoxdu".
"Neftçi"nin 28 yaşlı qapıçısı noyabrın 20-də Priştinadakı həlledici matçda həmsoyadını əvəzləməyə hazırdı: "Allah eləsin ki, Kamranın vəziyyəti yaxşı olsun. Futbolçudu, heç kim istəməz ki, zədə alsın. Mənə ehtiyac olarsa, ilk dəqiqələrdən oynamağa hazıram".