Millətlər Liqasında qrupdan çıxmağı qarşısına məqsəd qoyan millimizin Farer adalarını məğlub etməkdən başqa çarəsi yox idi. Səfərdə bu komanda üzərindəki 3:0 hesablı qələbəyə baxmayaraq, komandamızın oyunu heç də ümidverici deyildi.

 

İdeal "11-lik"

Bakı Olimpiya Stadionundakı qarşılaşmaya yığmamız ideal heyətlə çıxmışdı. Start "11-liy"ində yalnız qapı xətti ilə bağlı seçimi müzakirə etmək olardı. çünki formada olan Səlahət Ağayevi yenə ehtiyatda saxlayan baş məşqçi Qurban Qurbanov çərçivəni yenə kapitan Kamran Ağayevə həvalə etmişdi. Müdafiənin mərkəzində isə Bədavi Hüseynovla Maksim Medvedev duet təşkil etməli idi. Hər halda, vacib qarşılaşmada Rahil Məmmədovu meydana buraxmaq riskli addım olardı. Belədə cinahlar Pavel Paşayevlə Təmkin Xəlilzadəyə tapşırılmışdı. Orta sahədə Qara Qarayevlə Riçard Almeydanın önündə Dmitri Nazarov pleymeyker funksiyasını yerinə yetirirdi. Araz Abdullayev sol, Mahir Mədətov sağ cinahdan hücuma dəstək verirdilərsə, komandamızın qol ümidi Rüfət Dadaşov idi.

 

Təzyiqlə gələn erkən qol...

Oyun sakit tempdə başladı. İlk dəqiqələrdə topa millimiz nəzarət edir, orta sahədə paslaşmaqla boşluqlar axtarırdı. Ancaq qonaqlar da mərkəz yaxınlığında pressinq quraraq, topu qapılarından uzaq tutmağa çalışırdılar. Ortada sıxlıq yaradan Lars Olsenin yetirmələri müdafiə olunarkən 3-lü dayaq yarımmüdafiəçisinə keçirdi. Rəqibin sol cinahındakı axsaqlığı komandamız ilk dəqiqələrdən sezə bilmişdi. Görünür, məşqçilər koprusu Farer adalarını düzgün təhlil etmişdi. Həmin zonada rəqibə pressinq edən kimi, topu ələ keçirmək mümkün olurdu. İlk 10 dəqiqə ərzində məhz bu cinahdan iki təhlükəli vəziyyət yaratdıq. Xüsusən də, Mədətov cərimə meydanına girdiyi epizodda dəqiq ötürmə verə bilsəydi, erkən qol izləyəcəkdik. Getdikcə rəqibi qapısı qarşısına sıxmağa müvəffəq olan komandamızın oyunu qolun gəlişindən xəbər  verirdi. Həmin qol da 18-ci dəqiqədə vuruldu.

 

... və Mədətovun qarşısıalınmaz zərbəsi

Qoldan sonra qonaqların necə oynayacağı maraqlı idi. İtirməyə heç nəyi qalmayan Farerin hücuma keçəcəyi gözlənilirdi. Lakin "cırtdan" ölkə təmsilçisi eyni oyunu davam etdirdi. Hətta topu ələ keçirdikləri vaxtda belə, tempi artıra, hücum edə bilmirdilər. Matça diktəsini davam etdirən Qurbanovun yetirmələri isə yarım saat tamam olmamış ikinci dəfə fərqləndi. Bu mövsüm çox tənqid olunan Mahir Mədətovun təxminən 30 metrlik məsafədən möhtəşəm zərbəsi qarşısıalınmaz oldu.

 

Kosovo ilə oyunöncəsi gücə qənaət

İkinci qoldan sonra farerlilər çox qısa müddətə fəallaşdılar. Bu da cəmi 3-4 dəqiqə çəkdi. Daha çox standart vəziyyətlərdən nəsə etməyə çalışdılar ki, onda da müdafiəçilərimiz "ikinci mərtəbə"də sayıq oynayırdılar. Qalan dəqiqələrdə də topa tam nəzarət edən yığmamız tempi artırmağa ehtiyac duymurdu. Düzdü, sürətli hücumlarla növbəti qolları vurmaq olardı. Ancaq 3 gün sonrakı Kosovo oyununu da yaddan çıxarmaq olmaz. Bu üzdən futbolçularımız güclərinə qənaət edərək, oynadılar. ümumiyyətlə, millimiz ilk hissəni, demək olar ki, iki müdafiəçi ilə keçirdi. Yalnız Maksimlə Bədavi arxada qalır, onların önündə isə Almeyda və Qara olurdu. Cinah müdafiəçiləri irəlidə olduqlarından, Arazla Mahir Rüfətə daha yaxın oynayır, meydanda rahat hərəkət edirdilər.

 

Eyni temp, fərqli mübarizə

Millimiz ikinci hissəsə planlaşdırılmamış əvəzləmə ilə başladı. İlk yarıda zədələnən Kamran Ağayev oyunu davam etdirə bilmədi v ə yerini Səlahət Ağayevə verdi. İkinci hissənin əvvəllərində də temp eyni olaraq qalırdı. Yeganə fərq bu dəfə qonaqların topa daha çox nəzarət etməsi idi. Lakin Farer adaları yalnız meydanın özünə aid hissəsində paslaşa bilirdi. çünki bir qədər irəli gedən kimi, pressinqlə üzləşir və topu itirirdilər. Rəqibi mərkəzdən irəlidə qarşılayan komandamız sakit oyununu davam etdirirdi. Qonaqlar hətta meydanın mərkəzində də cərimə zərbəsi qazandıqda qapı qarşısına ötürmə edərək, təhlükəli vəziyyət yaratmağa çalışırdı.

70-ci dəqiqədə Qurban Qurbanov ikinci dəfə məcburi dəyişikliyə əl atdı. Bu dəfə Paşayev oyunu davam etdirə bilmədi və Rahil Məmmədovla əvəzləndi. Bu əvəzləmə yerdəyişməyə də səbəb oldu. Rahil müdafiənin mərkəzinə keçdisə, Maksim sağa çəkildi.

 

Səfər öncəsi əziyyətsiz qələbə

Farer adaları ilk real qol vəziyyətini 75-ci dəqiqədə yaratdı. Onda da yaxın məsafədən zərbə dəqiq alınmadı. Bu, həm də qarşılaşma ərzində qapıçımızı həyəcanlandıran yeganə vəziyyət oldu. ümumilikdə qonaqlar ikinci hissədə bir qədər açıq oyuna üstünlük versə də, bu dəfə yığmamız tempi artırmadı, bu nəticə ilə kifayətləndi. Farer səfəri ilə müqayisədə komandamız bu dəfə əziyyətsiz qələbə qazandı. Oyun bir növ yoxlama görüşünə bənzəyirdi. Beləliklə, əziyyət çəkmədən qalib gələn komandamız Kosovoya dinamik və yüksək əhval-ruhiyyədə yollanır. Yeganə narahatlıq doğuran məqam Kamran Ağayev və Pavel Paşayevin zədələnməsi oldu.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest