Millətlər Liqasının qrup mərhələsində Farer adalarını qəbul edən Azərbaycan millisi çətinlik çəkmədən aktivinə növbəti 3 xalı yazdırdı. İlk yarım saat ərzində vurduğu 2 qol yığmamıza qələbə qazandırdı.
90 dəqiqə ərzində oyun planında rəqibə heç bir şans verməyən Qurban Qurbanovun yetirmələri görüşü, demək olar ki, səhvsiz başa vurdular. Fərdi şəkildə dəyərləndirdikdə kimisə digərindən fərqləndirmək çətindi. Zəif rəqiblə matçı futbolçularımız əziyyət çəkmədən, gəzə-gəzə keçirdilər.
Kamran Ağayev – Cəmi bir dəfə oyuna qoşuldu ki, bu, 38-ci dəqiqəyə təsadüf etdi. Cinah ötürməsi zamanı Maksim Medvedevin topa kuryoz toxunuşunu sığortalayaraq, təhlükənin böyüməsinə imkan vermədi. Yığma birinci hissədə meydanın rəqibə aid hissəsində paslaşdığından, Kamrana nadir hallarda ötürmə edilirdi. İlk yarıda zədələnən qolkiper fasiləyə qədər dözsə də, ikinci hissədə meydana çıxmadı.
Bədavi Hüseynov – Müdafiədə olduqca rahat idi. Farer adaları nadir hallarda mərkəzi keçir, müdafiəçilərimizi narahat edirdi. Rəqib qapıçının uzun ötürmələri zamanı isə hava mübarizəsində hücumçuları qabaqlayan topu komandamıza qazandırmağı bacarırdı.
Maksim Medvedev – O da komandamız yalnız arxada paslaşdığı zaman oyuna qoşulurdu. Farerin 38-ci dəqiqədə ilk həmləsi zamanı topa uğursuz toxunuş etsə də, Kamran komanda yoldaşını sığortaladı. Mərkəz müdafiəçisi kimi çıxış edən Medvedev Rahil Məmmədovun oyuna girməsindən sonra müdafiənin sağında çəkildi.
Təmkin Xəlilzadə - Müdafiədən çox yarımmüdafiəçi funksiyasını yerinə yetirirdi. çünki rəqib, demək olar ki, irəli çıxmırdı. İkinci hissənin əvvəlində özünü topun önünə ataraq, bəlkə də, qola mane oldu. Görüşün sonlarında rəqib ara-sıra hücuma keçəndə həm "ikinci mərtəbə"də, həm də təkbətək mübarizələrdə keçilməz olurdu.
Pavel Paşayev – Təmkinə deyilən sözləri eynilə Paşayevə də şamil etmək olar. önündəki Mahirlə tez-tez paslaşaraq, hücuma qoşulurdu. Zədələnib əvəzlənənə qədər meydanda səhvsiz çıxış etdi.
Qara Qarayev – O da işsiz idi. Farerlilər müdafiədə oturduqları üçün Qaranın dağıdıcılıq bacarığına ehtiyac qalmırdı. Almeyda da ona olduqca yaxın oynadığı və oyunquruculuğunu etdiyi üçün Qaranın işi ona kömək olmaq idi.
Riçard Almeyda – Həmişəki kimi, drijorluq vəzifəsini yerinə yetirirdi. Rəqib sıx müdafiə olunsa da, cinahları və önündəki Dmitri Nazarovu topla təmin edə bilirdi.
Dmitri Nazarov – Pleymeyker kimi çıxış edən Dima hücumçu Rüfət Dadaşova yaxın oynayırdı. 18-ci dəqiqədəki qüvvətli zərbəsi hesabın açılmasına səbəb oldu.
Araz Abdullayev – Əlahiddə bir şey etmədi. Sol cinahdan daha çox Təmkinin asmalarına üstünlük verilirdi. Ancaq ilk qolda kornerdən ötürmə ilə müəyyən dərəcədə rol oynadı.
Mahir Mədətov – Sağ cinahda fəal idi. Rəqibin həmin mövqedəki boşluğundan Paşayevlə birlikdə pressinq edərək, yararlanırdılar. Bəzi epizodlarda dəqiq ötürmə versəydi, assist müəllifi ola bilərdi. Əvəzində 28-ci dəqiqədə mükəmməl qola imza atdı. Sağ cinahdan tez-tez cərimə meydanına daxil olsa da, son ötürmələri heç cür dəqiq olmurdu.
Rüfət Dadaşov – ön xətdə fəal idi. Müdafiəçiləri özünə çəkərək, cinahdakı və arxasındakı komanda yoldaşlarını boş mövqeyə çıxarırdı. Bir epizodda başla zərbəsi qapıdan yan keçdi. İkinci hissədə yorğun görünən forvard sona yaxın əvəzləndi.
Səlahət Ağayev – Zədələnən Kamran Ağayevin əvəzinə ikinci hissədə çərçivəni qorudu. 45 dəqiqə ərzində cəmi bir dəfə həyəcanlı an yaşadı ki, onda da zərbə dəqiq olmadı.
Rahil Məmmədov – Pavel Paşayev zədələndiyi üçün son 20 dəqiqəni meydanda keçirən gənc müdafiəçiyə çox yük düşmədi.
Mirabdulla Abbasov – Millinin debütantının özünü göstərmək üçün çox vaxtı olmadı. Cəmi 12 dəqiqə meydanda olan Abbasov ilk dəfə yığma formasını geyindi.
RƏVAN