19 Avqust 2020, 21:03
PARİS-2024
Bu gün UEFA və ona üzv olan 55 milli assosiasiyanın baş katibləri arasında videokonfrans formatında iclas keçirilib.
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ azarkeşlərin avrokubok matçlarına tədricən qayıdışının müzakirəsi olub.
Yığıncaq iştirakçıları fanatların stadiona girişinə icazə verməzdən əvvəl matçda iştirak edənlərin hamısının sağlamlığını təmin etmək üçün ciddi gigiyena tədbirlərinin görülməsinin vacibliyini vurğulayıblar.
UEFA azarkeşlərin sentyabrın əvvəlində keçiriləcək Millətlər Liqası matçlarında iştirak etməsinə icazə verməyin hələ tez olduğunu və bunun üçün əvvəlcə test oyunlarının keçirilməsinin vacibliyini qeyd edib.
Qitə futbol qurumu bunun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Super Kuboku uğrunda oyuna az sayda tamaşaçı buraxmaqla sınaqdan keçirilməsini təklif edib.
İclasda oyunçuların, xüsusilə də xarici klublarda çıxış edən milli üzvlərinin ölkələrinə qayıtdıqları zaman karantinə alınması məsələsi də müzakirə olunub. Federasiyalara hökumətdən oyunçuları və komanda üzvlərini bu prosedurdan azad etmələrini istəmələri tövsiyə olunub.
Bununla belə, federasiyalar həmin futbolçuların mütəmadi olaraq koronavirus testindən keçirilməsini və bu istisnaların cəmiyyət üçün heç bir risk yaratmamasını təmin etməlidir. Bundan əlavə, istisnalar olmayacağı təqdirdə matçların keçirilməsinin vacibliyi vurğulanıb.
Mövcud daxili şərtlər oyunun təşkilatçılığına təhlükə yaradacağı təqdirdə, milli assosiasiyalar görüşün neytral meydanda oynanılmasını tələb edə bilərlər.
Qeyd edək ki, bu gün müzakirə olunan məsələlərlə bağlı yekun qərar UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.
Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa, ikinci görüşünü isə 3 gün sonra səfərdə Kiprə qarşı keçirəcək.