"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Qurbanov, 0:0 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Oyun heç də asan olmadı. Qalib gəlmək istəyirdik, bir xal qazandıq. Futbolçular həqiqətən çox əziyyət çəkdilər. Motivasiyası yuxarı olan komandaya qarşı oynadıq. Futbolçularım sərt oyunu hiss etdilər. Bu oyunu yaddan çıxarıb, qarşıdakı matça köklənməliyik.
 
- Xayme Romeronu görmədik. Mahir və Bədavinin durumu necədir?
- Bədavinin əvəzlənməsini əvvəldən planlaşdırmışdıq. Ehtiyat etdik, ona görə onu Maksimlə əvəzlədim. Mahirin əvəzlənməsi planda yox idi. Romeronun əzələ ağrısı var idi və ola bilsin, sabah komandaya qoşulsun. Növbəti oyuna 100 faiz hazır olacağına inanmıram. Ola bilsin, ikinci hissədə meydana girər, ya da son 15-20 dəqiqə oynayar. Mahirin durumu ciddiyə oxşayır. Yəqin, sabah daha dəqiq bilinəcək.
 
- "Molde"ylə oyunun Kiprdə keçirilməsi futbolçuların motivasiyasına necə təsir edəcək?
- Belə qərarlar bəzən futbolçulara motivasiya verir, bəzən də əksinə. Daha əvvəl verilmiş qərar olsaydı, özümüzü buna hazır edərdik. Bizə təsir edən bu qərarın gec verilməsidir. Düşünürdük ki, qərar bu qədər gecikibsə, yəqin oyun Bakıda olacaq. İnşallah, bu, futbolçulara müsbət motivasiya verər. Bəzən, maksimum motivasiya da futbolçuya mane olur və komandaya ziyan verir. UEFA-nın qərarına da bir söz deyə bilmərik.
 
- Şahruddin oyunda komanda yoldaşlarına "qol buraxmamış oynaya bilmirik?" deyə, irad bildirdi. Bu haqda nə deyə bilərsiz? 
- Bəzən iradlar olur, söhbətlər gedir və futbolçuların ağlında qalır. Bizdə belə hallar olur. Məncə, normal haldır.
 
- "Molde" "Qarabağ"la oyuna 8 hücumçu sifariş edib...
- Yəqin oyunda 2-3 hücumçudan istifadə edəcəklər. çalışacağıq ki, onların qarşısını alaq.
 
- Musa Qurbanovu bu mövsüm meydanda görə biləcəyik?
- Ola bilər. Eləcə də digər gənc futbolçuları da.
 
- Yeni transfer Patrik Andrade növbəti oyunda meydanda ola bilər?
- Sabahdan hazırlığa başlayacağıq. Hansı sistemlə oynamağı düşünəcəyik. Növbəti oyunda ilk dəqiqələrdən də meydanda ola bilər, sonradan da girə bilər.
 
- Yeni transfer gözlənilirmi?
- Hələ bilinmir. Hazırda az sayda futbolçuyla danışıqlar gedir. (komanda.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest