03 Noyabr 2020, 23:42
AVROPA LİQASI
UEFA Azərbaycan çempionu "Qarabağ" haqqında istintaq araşdırmasına başlayıb.
Matc.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytında məlumat verilib.
Xəbərdə bunlar qeyd olunub: "UEFA-nın İntizam Reqlamentinin 31-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, "Qarabağ" rəsmisinin sosial şəbəkələrdəki paylaşımının istintaq araşdırması üçün Etika və İntizam müfəttişi təyin edilib. Araşdırmanın nəticəsi ilə bağlı məlumat yaxın vaxtlarda veriləcək".
Qeyd edək ki, bir neçə gün öncə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov ermənilərin Gəncədə törətdiyi terror aktının təsiri altında "Facebook" səhifəsində düşmənə nifrət tonlu paylaşım etmişdi. Düşmən ölkə məlum paylaşımdan xəbər tutan kimi bu haqda UEFA-ya məktub göndərərək, təmsilçimizin cəzalanmasını tələb edib.
Onu da bildirək ki, "Qarabağ" klubu bu məsələ ilə bağlı bəyanat yayıb və qəddarlığa qarşı duyğusal hisslərini ani olaraq idarə edə bilməyən Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan doğru olmadığını etiraf edərək sildiyi ifadələrin klubun mövqeyini əks etdirmədiyini və rəhbərlik tərəfindən dəstəklənmədiyini bildirib. Klub rəsmisinin hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən Nurlan İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib.