Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza çalımbay Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyundan danışıb.
 
Matc.az xəbər verir ki, 57 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"İddiamızı davam etdirmək üçün hər xal çox önəmlidir. Hər zaman deyirik ki, ölkəmiz üçün çıxış edirik. Sabah qələbə qazanmaq istəyirik. Əvvəlki iki görüşdə 4 qol vurmağı bacarmışıq. Bu isə o deməkdir ki, qol vura bilirik. Sabahkı matçda yalnız qələbə haqqında düşünürük. Bütün riskləri göz önünə alacağıq. Bəzi zədəli oyunçularımız var. "Qarabağ"la matç bizim üçün finaldır. Bunu yaxşı şəkildə bitirmək istəyirik. Komandama güvənirəm və bütün hər şey qaydasında getsə, bu qrupdan çıxacağımıza inanıram".
 
Baş məşqçi hakim səhvlərindən də şikayətlənib: "Heç vaxt hakim səhvlərindən qələbə qazanmamışıq. Amma Türkiyədə eyni səbəbdən uduzduğumuz görüşlər olub. İki turda da əleyhimizə penalti verdilər. Hakimin kim olmasının fərqi yoxdur. İsrail "Makkabi"si (Təl-Əviv) ilə görüşə çoxlu itki ilə çıxmışdıq. Onların 12 ehtiyat oyunçusu var idi, bizdə isə 5. Pis oynadığımızı düşünmürəm. Sabahkı görüş milli komandanın oyunu qədər önəmlidir. çox oyunçu zədəlidir və bəzi matçlarda problemlə üzləşirik. Əlimizdəki oyunçulardan istifadə edəcəyik".
 
Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest