Azərbaycan Premyer Liqasının 15-ci turunda "Səbail"lə baş tutan qarşılaşmada "Sumqayıt"ın heyətində 2004-cü il təvəllüdlü yarımmüdafiəçi, klubun öz akademiyasının yetirməsi olan Sənan Ağayev əsas komandanın heyətində debüt edib.
 
Matc.az xəbər verir ki, Ağayev akademiyanın digər yetirməsi olan Xəyal Nəcəfovun əvəzinə meydana daxil olub. Sənan həmçinin, 2020/21 mövsümündə meydana çıxmış ən gənc futbolçu olub. O, 16 yaş 242 günlüyündə əsas komandada debüt edib.
 
Qeyd edək ki, "Sumqayıt" FK-nın baş məşqçisi Ayxan Abbasov cari mövsümdə ümumilikdə 8 limit futbolçunun xidmətindən istofadə edib. Limitə uyğun olan gənc futbolçuların statistikasını nəzərinizə çatdırırıq:
 
1. Murad Xaçayev – 14 oyun (1159 dəqiqə), 2 qol
2. Səbuhi Abdullazadə – 8 oyun (380 dəqiqə), 1 qol
3. Rüfət Abdullazadə – 8 oyun (211 dəqiqə)
4. Süleyman Əhmədov – 5 oyun (355 dəqiqə), 1 qol
5. Nəbi Məmmədov – 1 oyun (23 dəqiqə)
6. Nurlan Quliyev – 1 oyun (17 dəqiqə)
7. Nicat Əliyev – 1 oyun (2 dəqiqə)
8. Sənan Ağayev – 1 oyun (2 dəqiqə)
 
Ayxan Abbasov Sənan Ağayevin debütü ilə bağlı fikirlərini bölüşüb. O, bunları söyləyib: "Bildiyiniz kimi, "Sumqayıt"ın heyətində gənc futbolçular çoxluq təşkil edir. Klub olaraq hər zaman gənc futbolçuların yetişməsinə önəm veririk. Bu, bizim əsas məqsədlərimizdən biridir. Qeyd edim ki, cari mövsümdə 8 limit futbolçunun xidmətindən istifadə etmişik. Sənan da akademiyamızın yetirməsi olan və perspektiv vəd edən gənclərdən biridir. Lakin, üzərində çox işləməlidir. Sənana bu gün böyük futbolun ab-havasını hiss etmək üçün şans verdik və bununla da "Sumqayıt" Futbol Akademiyasında çıxış edən bütün gənc futbolçulara mesaj vermiş olduq ki, əsas komandanın qapıları hər kəs üçün açıqdır. Biz də əsas komanda olaraq, daim akademiyamızın rəhbərliyi və məşqçiləri ilə məlumat alış-verişindəyik. Akademiyamızda kifayət qədər perspektivli gənclər var. Gələcəkdə də gənc futbolçuları heyətimizdə görəcəksiniz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest